SƏHİYYƏ

Onkoloji xəstəliklər də sığortaya salınacaq?

Ötən il onkoloji xəstəliklərin müalicəsinə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

"Orqan transplantasiyası, sümük iliyi transplantasiyası əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində qarşılanması bizi sevindirir. Bu sahədə hələ problemlər qalmaqdadır. İcbari tibbi sığortadan məmnunluq artsa da, bu xidmət bütün xəstəlikləri qarşılaya bilmir, bu da haqlı narazılığa səbəb olur. Səhiyyə komitəsi olaraq hesab edirik ki, icbari tibbi sığorta bir sıra xidmətləri çıxmaqla (estetik əməliyyatlar, stomatoloq işləri və s) bütün müayinə və müalicəni əhatə etməlidir. Onkoloji xəstəliklərin müalicəsinin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir. Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq" - Əhliman Əmiraslanov qeyd edib.

Əhliman Əmiraslanov, Milli Məclisin deputatı
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ötən il jurnalistlərə açıqlamasında bu mövzuya toxunaraq bildirmişdi ki, onkoloji xəstəliklərin icbari sığorta paketinə salınması üçün hesablamalar aparılır.
Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir. Bunun üçün xarici ölkələrdən də mütəxəssislər cəlb edilib. Zaur Əliyev onu da bildirib ki, hazırda ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Buna görə də, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq.
Onu da əlavə edək ki, onkoloji xəstəliklərin müalicəsinə dövlət büdcəsindən ötən il 50 milyon manat vəsait ayrılıb. Rəsmi açıqlamaya görə, bu, xəstələrin tam müalicəsi üçün yetmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.