CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə son günlər insanların ölümü ilə nəticələnən yanğın və partlayışlar niyə baş verir?

Ekspertlər hesab edirlər ki, yanğın xəbərdarlığı qurğusu işləməyən müəssisələrin rəhbərlərini ciddi cəzalandırmaq lazımdır.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. "Sahibkarlıq subyektlərində ildə bir dəfə yoxlamalar aparılır. Hər bir obyektdə yoxlama aparılarkən təlimat verilir. Amma obyektin özünün yanğın təhlükəsizliyinə məsul şəxslər buna nəzarət etməlidirlər. Çünki, hər sahibkarlıq subyektinə bir əməkdaş təhkim etmək mümkün deyil".
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, sahibkarlıq subyektlərində yanğın təhlükəsizliyi ilə bağlı hər hansı nöqsan aşkarlanarsa dərhal qanuna müvafiq qaydada tədbir görülür. Lakin sahibkarlıq subyektlərində bu məsələyə məsul şəxslərin özündə məsuliyyət olmalıdır.
Bakıda mebel sexində yanğının nəticələri.
Qeyd edək ki, 15 yanvarda Bakıda mebel sexində baş vermiş faciənin miqyası, bir müddət öncə Respublika Perinatal Mərkəzində yanğın hadisəsi dövlət və qeyri-dövlət müəssisələrində, iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulduğundan xəbər verir. Bu isə haqlı olaraq bu sahəyə nəzarətin zəif olması ilə bağlı iradların səsləndirilməsinə səbəb olur.
Deputat Razi Nurullayev Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, yanğına nəzarət tədbirləri daha da gücləndirilməli, bütün obyektlər yenidən yoxlanılmalıdır.
O, bildirib ki, son günlər paytaxtda baş vermiş yanğın hadisələri buna ciddi əsas verir. Son zamanlar Fövqəladı Hallar Nazirliyi də bununla bağlı sərt yanaşma nümayiş etdirir:
"Son zamanlar yoxlamalarla bağlı FHN-nin sərt yanaşmasını müşahidə edirəm. Əksinə FHN yoxlamalar zamanı daha sərt yanaşır, güzəşt etmir. Hətta mənə vətəndaşlardan müraciətlər daxil olur ki, FHN onlara çatışmazlığı dərhal aradan qaldırmaq tələbi qoyur, möhlət vermir. Bütün bunlar onu göstərir ki, rəsmi qurum iaşə obyektlərində yoxlamalar zamanı sahibkara qaydalara əməl etməyi şərt kimi qoyur, heç bir güzəşt etmir. Amma çox təəssüf ki, hələ də bəzi vətəndaşlarımızda məsuliyyətsizlik var. Ev, obyekt inşa edəndə elektrik naqilinin ən ucuzunu alıb istifadə edirik. Ona görə də daha ciddi cəza tədbirləri görülməlidir. Yenidən bütün obyektlər yenidən yoxlanılmalıdır".
Razi Nurullayev
Deputat onu da əlavə edib ki, Azərbaycanda yanğınla bağlı maarifləndirilmə tədbirləri aparılmalıdır. İaşə obyektləri yanğından sığortalanmalıdır: "Bu hadisə kiçik məsələ deyil. 9 evə od düşdü, 9 ailə məhv oldu. Ona görə də nəzarət daha da gücləndirilməlidir".
Yanğın təhlükəsiziyi məsələləri ilə bağlı müstəqil ekspert Əziz Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, hər bir müəssisədə əmək intizamı təmin olunmalıdır. Onun sözlərinə görə, hazırda sahibkarların hüquqlarını qoruyan qanunla müəssisənin fəaliyyətini dərhal dayandırmaq mümkün deyil. Həmsöhbətimiz deyir ki, əvəllər Dövlət Yanğın Nəzarəti Xidmətinin ciddi nöqsan aşkarlanan halda, hadisə anında müəssisənin fəaliyyəti dayandırmaq səlahiyyəti olub.
"Hər bir müəssisədə yanğın təhlükəsizliyinə ciddi yanaşılmalıdır. Əgər hər hansı bir müəssisədə yanğın siqnalizasiyası işlək vəziyyətdə deyilsə, bu həmin müəssisənin rəhbərliyinin günahıdır. Belə şəxslər məhkəmə qarşısına çıxarılaraq buna görə sorğu-sual olunmalı, cəzalandırılmalıdırlar. Sexdə partlayışdan əvvəl Respublika Perinatal Mərkəzində baş verən yanğına diqqət çəksək görərik ki, orada yanğın xəbərdarlığı qurğusu işləməyib. Əgər yanğın siqnalizasiyası vaxtında işə düşsəydi, o körpələri yanğından xilas etmək olardı" - Əziz Cəfərov bildirib.
Ekspertin fikrincə, aidiyyatı qurumlarla yanaşı, hər bir müəssisədə bu məsələyə məsul şəxslər vəzifələrini layiqincə yerinə yetirməli, məsuliyyətli olmalıdırlar. Əks halda dövlət qurumlarının apardığı yoxlamalarla bunun qarşısını almaq mümkün olmayacaq.
Xatırladaq ki, Yanvar ayının 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışda 9 nəfər həyatını itirib. xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Bundan əvvəl isə "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında baş verən yanğın 4 körpənin həyatına son qoymuşdu.