BAKI, 18 yanvar — Sputnik. İranın Pakistan ərazisinə raket hücumları gözlənildiyi kimi cavabsız qalmayıb - yanvarın 18-də səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələri İran ərazisinə hücum edib. İran tərəfinin məlumatına görə, Sistan və Bəlucistan əyalətlərinin atəşə tutulması nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 9 mülki şəxs həlak olub.
İran Pakistandan açıqlama tələb edib. İslamabad isə "güzgü" effekti ilə cavab verib:
"Pakistan İranın suverenliyinə hörmət edir. Zərbələr isə terrorçuların düşərgələrinə endirilib".
Qeyd edək ki, Pakistan Xarici İşlər Nazirliyinin cavabı az qala onların iranlı həmkarlarının Pakistan ərazisinə zərbələr endirilməsi ilə bağlı bəyanatından kopyalanıb.
Eyni zamanda, Pakistan tərəfi, bəyanatlara əsasən, eskalasiya dərəcəsini azaltmağı planlaşdırmır. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluc bildirib ki, İslamabad öz xalqının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri davam etdirəcək və onun suverenliyi və ərazi bütövlüyünün pozulmasına imkan verməyəcək.
Bəluci uşaqları, arxiv
© Sputnik / Андрей Соломонов
Bəluc bəluca qənimdir
İran, Pakistan və regionun bir sıra digər ölkələrində yaşayan bəluc milli azlığı uzun illərdir ki, hər iki ştatda separatçı fəaliyyətlə məşğuldur. İran və Pakistanda eyni zamanda müxtəlif silahlı Bəluc qrupları fəaliyyət göstərirlər: 2012-ci ildə yaradılan, Pakistanda yerləşən İran Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalan "Ceyş Əl-Adl" İrana qarşı hücumlar təşkil edir.
Pakistana qarşı iki qrup fəaliyyət göstərir – "Bəlucistan Azadlıq Ordusu" və "Bəlucistan Azadlıq Cəbhəsi". Bununla belə, son illərdə Pakistan ordusunun səyləri ilə Bəlucistan əyalətində müəyyən sabitliyə nail olmaq mümkün olub və regionun maliyyələşdirilməsi və orada iqtisadi layihələrin inkişafı sayəsində bir sıra dövlətlərdə terrorçu olaraq tanınan silahlı qruplaşmalar bəlucların dəstəyini itiriblər.
Pakistanda həm bəlucların, həm də Pakistanın hakim elitasının sünni olduqlarını, İrandakı bəlucların isə şiə hakimiyyətləri tərəfindən təqib edildiyini iddia etdiklərini nəzərə alsaq, Pakistandakı vəziyyət İranla müqayisədə nisbətən idarə olunandır.
Ümumiyyətlə, istər Pakistanda, istərsə də İranda bəluc terrorçuları ilə bağlı vəziyyət kifayət qədər nəzarətdə olardı, əgər bu qruplaşmalar kənardan maliyyələşdirilməsəydi. Belə ki, Pakistanlı bəluc silahlılar Əfqanıstanda, həm də Pakistan hakimiyyətinin dediyi kimi, Hindistanın maliyyəsi ilə təlim keçirlər.
İran mediasına görə, "Ceyş Əl-Adl" döyüşçüləri İraq Kürdüstanı bölgəsində təlim keçib və birbaşa İsrail tərəfindən maliyyələşdirilirlər.
Belə deyirlər ki, sərhədin hər iki tərəfindəki yaraqlılara maliyyə və dəstək qismən həm Tehran, həm də İslamabad tərəfindən təmin edilir ki, qonşuları üzərində təsir rıçaqları olsun. Əks halda, niyə "Ceyş Əl-Ədl"in qərargahı və düşərgələri Pakistanda, "cəbhə" və "ordu"dan olan bəluc silahlıları isə İranda yerləşir?
Bununla belə, ekspertlər hesab edirlər ki, bəluc silahlıları istər İranda, istərsə də Pakistanda, başqa bir suveren dövlətin ərazisinə, xüsusən də kifayət qədər yaxın iqtisadi tərəfdaşa qarşı döyüşməyə dəyəcək qüvvə deyil. Bu mənada İran daha çox bu münaqişənin təhrikçisidir, çünki Pakistan ərazisini ilk vuran Tehran olub.
İran onsuz da öz ərazisində bəluc silahlılarına qarşı kifayət qədər uğurlu mübarizə aparıb, Pakistana zərbə endirməklə isə ölkə birbaşa sərhədində, ticarət və iqtisadi tərəfdaşından daha biri ilə qarşıdurma ocağı yaratdı. Qeyd etmək lazımdır ki, Qərb sanksiyaları səbəbi ilə İranın iqtisadi tərəfdaşlarınıln sayı onsuz da azdır.
Nüvə dövləti nə qədər uzağa gedəcək?
Ola bilsin ki, Pakistanın səhər saatlarında İran ərazisinə endirdiyi zərbələr, sadəcə olaraq Tehranın həyasızlığına cavab və qonşusunu cəzalandırmaq cəhdidir. Eyni zamanda, İslamabad üçün dünya ictimaiyyətinə və ilk növbədə düşmən Hindistana Pakistanla zarafatın pis nəticələndiyini göstərmək vacibdir. Bir sıra ekspertlər hesab edirlər ki, Pakistan, çətin ki, İranda yaraqlılara qarşı hücumları davam etdirsin - ölkə iqtisadi inkişaf və daxili problemlərlə məşğuldur. Bundan əlavə, Əfqanıstan və Hindistandan sonra üçüncü cəbhənin açılması və üçüncü sərhədin hərbiləşdirilməsi Pakistan üçün həm maliyyə xərcləri, həm də əlavə hərbi resursların cəlb edilməsi baxımından sərfəli deyil.
Eyni zamanda, Pakistan Xarici İşlər Nazirliyi "Marg Bar Sarmachar" ("Partizanlara ölüm" – Pakistanın bəluc silahlıları özlərini belə adlandırırlar) şüarı altında silahlılara qarşı əməliyyata başladığını rəsmən elan edib.
Pakistan Xarici İşlər Nazirliyi bəyanatında qeyd edib ki, son bir neçə ildə İslamabad İranda terrorçuların istifadə etdiyi silahlı düşərgələrlə bağlı davamlı olaraq Tehrana ciddi narahatlıq ifadə edib.
"Pakistan da bu terrorçuların varlığına və fəaliyyətinə dair konkret sübutlarla çoxsaylı dosyelər təqdim edib. Bununla belə, ciddi narahatlıqlarımıza cavab olaraq heç bir tədbir görülmədiyinə görə, bu qondarma sarmaçarlar cəzasız olaraq günahsız pakistanlıların qanını tökməyə davam ediblər. Bu səhərki hərəkətlər silahlılar tərəfindən gözlənilən genişmiqyaslı terror fəaliyyətləri ilə bağlı etibarlı məlumatlar fonunda həyata keçirilib" - Pakistan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatında belə deyilir.
İslamabadın tonu ümumilikdə Pakistanın ölkə və ordusunun imicini qorumaq üçün əməliyyatı davam etdirmək əzmini nümayiş etdirir.
Eyni zamanda, belə bir fikir var ki, Pakistan hökuməti, əslində İranın hücumuna cavab vermək niyyətində deyildi, lakin Pakistan hökuməti daxilindəki parçalanma öz düzəlişlərini etdi. Belə ki, iddia olunur ki, Pakistan Xarici İşlər Nazirliyi səlahiyyətlilərə səfiri geri çağırmaq və sərt bəyanatlar verməklə kifayətlənməyi təklif edib. Lakin bəzi hallarda hərəkətlərini hökumətlə koordinasiya etməyi lazım bilməyən Pakistan ordusu İran ərazisinə zərbə endirmək qərarına gəldi. Odur ki, Xarici İşlər Nazirliyi müvafiq bəyanat verməli və hər şeyi əvvəlcədən planlaşdırılmış akt kimi təqdim etməli oldu.
Ekspertlər hesab edir ki, iki ölkə arasında münaqişə bir sıra səbəblərdən, o cümlədən Çinin müdaxiləsi səbəbindən bununla məhdudlaşacaq. Belə ki, Hindistan Xarici İşlər Nazirliyi İranın Pakistana qarşı hərəkətlərinə dəstək bəyanatları verərək, əslində atəşə yağ qatarkən, Pekin İslamabad və Tehran arasında konstruktiv nizamlamada yardım təklif edir.
Bu yerdə isə, əlbəttə ki, Çinin niyyətlərinin ilk növbədə iqtisadi mülahizələrlə diktə edildiyini vurğulamağa dəyər. Qlobal nəqliyyat-logistika mühitinin genişmiqyaslı dəyişikliklərə məruz qaldığı və quru daşımalarının rolunun hər gün artdığı bir vaxtda "Bir kəmər, bir yol" layihəsinin təşəbbüskarı olan Çin layihədə iştirak edən ən mühüm ölkələrdə gərginlik mənbəyinin olmasını istəməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.