BAKI, 18 yanvar — Sputnik. Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası işə başlayıb. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycanın dəvəti ilə MDB müşahidəçilər missiyası 2024-cü il yanvarın 17-dən Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin hazırlanması və keçirilməsi prosesinin monitorinqinə başlayıb" - İcraiyyə Komitəsinin saytında dərc olunan məlumatda deyilir.
Qeyd olunur ki, missiyanın fəaliyyətə başlaması çərçivəsində MDB baş katibinin birinci müavini Leonid Anfimov və Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov arasında görüş keçirilib. Görüş zamanı seçkilərə hazırlıq və missiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.
Qeyd olunur ki, A.Anfimov MDB İcraiyyə Komitəsi ilə Azərbaycan Mərkəzi Seçki Komissiyası arasında əlaqələrin çox sıx və səmərəli inkişaf etdiyini qeyd edib.
"Biz seçkilərin və referendumların müşahidəsini təşkil etmək üçün artıq on birinci dəfədir ki, ölkənizə gəlirik və hər dəfə seçki kampaniyasının yüksək səviyyədə təşkilini, seçkilərə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü böyük işləri qeyd edirik" - MDB baş katibinin birinci müavini vurğulayıb.
O, Bakıda missiyanın qərargahının işə başladığını bildirib.
Onun vəzifəsi səsvermə ərəfəsində və səsvermə günü müşahidəçilərin iş prosedurunu müəyyən etmək və onları respublikanın regionları üzrə bölüşdürməkdən ibarətdir. Qərargahın vəzifələrinə həmçinin seçki qanunvericiliyinin hüquqi qiymətləndirilməsinin hazırlanması, KİV-in monitorinqi, missiyanın fəaliyyətini dəstəkləmək üçün təşkilati və texniki məsələlərin həlli daxildir.
Anfimov xatırladıb ki, missiyaya MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edir. O, həmçinin bildirib ki, onun tərkibinə Birlik dövlətlərinin, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının, Belarus və Rusiya İttifaq Dövlətinin Parlament Assambleyasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxil olacaq.
"Missiya öz mandatı çərçivəsində seçkiləri müstəqil şəkildə, ev sahibi ölkənin qanunlarına riayət etməklə izləyəcək.Biz hesab edirik ki, seçkilər dövlətin daxili işidir və missiyanın vəzifəsi azad və demokratik seçkilərin keçirilməsinə yardım etməkdir" - Anfimov deyib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından (PA) olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.