SƏHİYYƏ

Komitə sədrindən irad: "İnsanlar istədiyi həkimi seçə bilmir"

Əhliman Əmiraslanov qalmaqallı qanunun nəhayət ki, bu yaz sessiyasında qəbul ediləcəyinin anonsunu verib.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov "Reproduktiv sağlamlıq haqqında" qanunun İş planına salınmamasının səbəbini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri bildirib ki, "Reproduktiv sağlamlıq haqqında" qanunla Səhiyyə Nazirliyi çox ciddi məşğul olur.
Daşa dirənən qanundan xəbər var
Əhliman Əmiraslanov şəxsən səhiyyə naziri ilə bu qanunla bağlı görüşdüyünü nəzərə çatdırıb:

"Qanun üzərində yeni iş gedir. Biz inanırıq ki, yaz sessiyasında bu qanun komitəmizə daxil olacaq və biz onu yaz sessiyasında qəbul edəcəyik. Bu qanunla bağlı ciddi müzakirələr gedir, bir çox rəylərə göndərilib. Rəylərə əsasən, bir çox iradlar, tənqidlər düzəldilib. Əminəm ki, bu sessiyada bu qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq".

"İcbari tibbi sığortadan istifadə edən insanlar istədiyi həkimi seçə bilmir"
Əhliman Əmiraslanov komitə iclasında digər bir məqama, icbari tibbi sığorta zərfindən istifadənin səmərəliliyinə də toxunub. Bildirib ki, artıq elə vəziyyətə gəlib çıxmalıyıq ki, xəstə ona yaxın, onun inandığı klinikada və həkimdə icbari tibbi sığorta çərçivəsində müalicə ala bilsin. Komitə sədri bildirib ki, bu sahədə də komitəyə şikayətlər daxil olur:

"İnsanlar istədiyi xəstəxanada müalicə ala bilmir, istədiyi həkimi seçə bilmir. Bununla bağlı işlər görülür. Amma şikayətlər hələ də qalmaqdadır".

Ölkəmizdə epidemioloji vəziyyət sabit deyil!
Əhliman Əmiraslanov qızılcaya yoluxma ilə bağlı məsələyə də diqqət çəkib. Bildirib ki, epidemioloji vəziyyət bizim ölkəmizdə də sabit deyil. Ölkəmizdə bir çox yoluxucu xəstəliklər baş qaldırır. O qeyd edib ki, COVİD artıq təhlükəli xəstəlik deyil:
"Bəzən onu ayaqüstü keçiririk, heç bilmirik. İndi ölkəmizdə qızılca ilə bağlı vəziyyət yaxşı deyil. Uşaqlarla yanaşı, yaşlılar, 30-40 yaşlı insanların qızılcaya yoluxması halları var. Yoluxucu xəstəliklər gərək daim nəzarətdə olsun. Bu səhiyyənin elə sahəsidir ki, bura nəzarət bir qədər azalan kimi orada alovlanma başlayacaq. Hər hansı yoluxucu xəstəliyin ölkədə silinməsi, getməsi onun tamamilə yox olması demək deyil. O, hər zaman geri qayıda bilər. Ona görə bu sahədə çalışan mütəxəssislərimiz çox ciddi işlər görməlidirlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.