CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arazda suyun həcmi azalacaq - Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymur

Rza Mahmudov bildirib ki, Ermənistan qəsdən Helsinkidə Transsərhəd çayların və göllərin suyundan istifadəyə dair beynəlxalq konvensiyaya qoşulmur.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. "Onsuz da Araz çayında suyun həcmi azalır. Çayda suyun illik axınında 15-20 faiz azalma var. Ermənistanın Araz çayı üzərində yeni bənd tikməsi çayın Azərbaycandan keçən hissəsində suyun bir qədər də azalmasına səbəb olacaq".
Bu sözləri Sputnik Azərbaycan-a AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin rəhbəri Rza Mahmudov bildirib.
Qeyd edək ki, Ermənistan Araz çayını Araksavan (Sabunçu) və Burastan (Qarahamzalı) icmaları ərazisində əvvəlki məcrasına qaytarmaq üçün bənd tikməyi planlaşdırır. Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin (ƏİİN) mətbuat xidmətindən Sputnik Ermənistan-a verilən məlumata görə, Araz çayının əvvəlki məcrasına qaytarılması üçün bənd tikilməsi layihəsi Türkiyə və Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə razılaşdırılır. Bildirilir ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün Araz çayının hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.
Rza Mahmudov isə deyib ki, su ehtiyatlarının azaldığı və iqlim dəyişikliyinin çaylarda illik su axınına təsir etdiyi bir dövrdə hər bir ölkə özünün suya olan tələbatını ödəmək üçün müxtəlif tədbirlər həyata keçirir.
"Bu hər bir ölkənin hüququdur. Amma xüsusilə Azərbaycan kimi su ilə az təminatlı, transərhəd çaylarından daha çox su ehtiyatı formalaşan ölkələrdə transsərhəd çaylarından istifadə zamanı beynəlxalq hüquq və konvensiyalara mütləq əməl olunmalıdır. İstənilən ölkə həmin çayın suyundan özü istədiyi kimi istifadə edə bilməz. 1992-ci ildə Helsinkidə Transsərhəd çayların və göllərin suyundan istifadəyə dair beynəlxalq konvensiya qəbul olunub. Həmin konvensiyanın qərarlarına əsasən eyni çay hövzəsində yerləşən dövlətlər, həmin transərhəd çayların suyundan istifadə edərkən beynəlxalq konvensiyanın şərtlərinə əməl etməlidirlər. Çox təəssüf ki, bu konvensiyaya Azərbaycan qoşulsa da, Ermənistan və Gürcüstan o konvensiyaya qoşulmayıb. Onlar bu konvensiyaya qoşulsalar, həmin beynəlxalq sənədin tələblərinə əməl etməlidirlər" - şöbə müdiri bildirib.
O əlavə edib ki, Ermənistanın Araz çayında tikəcəyi bənd son illərdə azalan illik axını daha da azaldacaq. Avropa Birliyi Ermənistandan bu konvensiyaya qoşulmağı tələb etməlidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov da Sputnik Azərbaycan-a deyib ki, bir neçə ölkənin ərazisindən keçən çayların istismarı razılaşma əsasında aparılmalıdır. Araz çayının hövzəsində Türkiyədən başlayaraq Ermənistan və Azərbaycan yerləşir. Ona görə də, beynəlxalq qanunlara görə, transsərhəd çaylardan istifadə zamanı çay çirkləndirilməməli, üzərində bənd və anbar tikərkən bu, digər dövlətlərlə razılaşdırılmalıdır:
"Amma Ermənistan Finlandiyada qəbul olunmuş Transsərhəd çaylarının və göllərinin suyundan istifadəyə dair beynəlxalq konvensiyaya qoşulmadığından bu tələblərə əməl etmir. Araz çayı Ermənistan, Kür çayı isə Gürcüstan tərəfindən mütəmadi olaraq çirkləndirilir. Bununla belə, hər ölkənin öz ölkəsindən axan sudan istifadə hüququ var".
F.Həsənov onu da bildirib ki, Arazda suyun həcmi Ermənistanın bənd tikintisindən sonra daha da azalacaq.
"1930-cu ildən aylar üzrə Naxçıvan ərazisinə Araz çayından daxil olan su sərfi haqqında göstəricilər beynəlxalq qurumlara təqdim edilməlidir. Bu azalmaya iqlim dəyişikliyi təsir etsə də, əsas səbəb transərhəd çaylar üzərində bənd və anbarların inşa edilməsidir. Çünki bunun nəticəsində Azərbaycanda suvarmada müəyyən problemlər yaranacaq. Naxçıvanda Araz, ondan bir qədər aşağıda Xudafərin su anbarlarımıza yığılan suya, su təchizatına təsir edəcək. Çayda suyun azalması ətraf mühitə də təsirsiz ötüşmür. Çay sularında flora və fauna aləminə mənfi təsir göstərir. Yaşıllıqlar da azalır. Belə davam edərsə, növbəti illərdə problem özünü daha qabarıq formada göstərəcək" - F.Həsənov bildirib.
Sputnik Azərbaycan-ın Dövlət Su Ehtiyatları Agentliyinə Ermənistanın Araz çayı üzərində bənd inşasına dair ünvanladığı sorğuya heç bir şərh verilməyib.