BAKI, 17 yanvar — Sputnik. Polşanın artıq orada yerləşən NATO qüvvələrinə əlavə olaraq öz ərazisində alman hərbi hissələrini yerləşdirmək istəyi Avropada gərginliyin səviyyəsini artırmaq istəyi ilə diktə olunur və Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında artan fəallığı cavabsız qalmayacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bu, NATO ölkələrinin, konkret Polşanın addımları qlobal rusofobik kursun daha bir elementidir. Nəzərinizə çatdırım ki, artıq Polşada 10 minə yaxın amerikalı hərbçi yerləşdirilib. Həmçinin NATO-nun çoxmillətli döyüş-taktiki qrupu var ki, bu qrupa ABŞ, İngiltərə, Rumıniya və Xorvatiyadan hərbçilər daxildir. Aydındır ki, Polşa ərazisinə əlavə xarici qoşunların yerləşdirilməsi çağırışları, əgər bu ölkələr sülhyönümlüdürsə, zəruri deyil", o bildirib.
"Bir daha vurğulamaq istərdim ki, NATO və onun üzvü olan ölkələrin Rusiya və Rusiya-Belarus İttifaqı dövlətinin sərhədləri yaxınlığında hərbi potensialının artması təxribat xarakterlidir və Avropanın təhlükəsizlik arxitekturasının tamamilə deqradasiyasına gətirib çıxarır. Bu cür addımlar Rusiya tərəfinin müvafiq reaksiyası olmadan bitməyəcək", Zaxarova vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl fransız tarixçisi və antropoloqu Emmanuel Todd özünün "Qərbin məğlubiyyəti" adlı yeni kitabının nəşri ilə bağlı "Le Point" jurnalına müsahibəsində bildirib ki, hazırda Qərbdə bəyanatların 99%-i Moskvaya qarşı qəti ittihamlar üzərində qurulur. O qeyd edib ki, Qərb ölkələri tam rusofobiya halındadır və ilkin olaraq hər şeydə Rusiyanı günahlandırmağa meyllidirlər.