BAKI, 17 yanvar — Sputnik. 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 193,8 milyon manat dəyərində güzəştli kredit ayrılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Bu kreditlər sayəsində 3 mindən çox yeni iş yeri açılıb. Ayrılan kreditlərin 46,4 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 43 faizi sənaye məhsullarının istehsalı və emalına, 5,5 faizi xidmət sahəsinə, 4,5 faizi isə turizmin inkişafı üzrə layihələrə yönəlib. Güzəştli kreditlərin 72 faizi bölgələrə, 28 faizi isə Bakı və Abşeron iqtisadi rayonuna yönəlib", - o deyib.
Qeyd edilib ki, ötən il işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılan güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub.
O bildirib ki, ötən il verilən güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kreditin məbləği üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib: "Pandemiyadan zərər çəkən sahibkarlara verilən dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi 2023-cü ildə də davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək 52 milyon manat ödənilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilməsi davam etdirilib. Proqram çərçivəsində 31 dekabr 2023-cü il tarixinə kredit qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciətə 73,3 milyon manat faiz subsidiyası ödənilib".