BAKI, 17 yanvar — Sputnik. Dünyada baş verən hadisələrə nəzərə saldıqda görürük ki, ötən ildən bu ilə keçən çox saylı qarşıdurmalar var. Bir yanda Ukrayna-Rusiya arasında baş verənlər, digər yanda Yaxın Şərqdəki qanlı toqquşmalar. Çinin Tayvana qarşı atacağı addımlar isə barıt çəlləyinin partlamasına səbəb olacaq qığılcım kimi qəbul edilir. Təbii ki, burada barıt çəlləyi sakini olduğumuz Yer kürəsidir. Çünki müxtəlif qlobal güclərin yeni dünya düzəni uğrunda mübarizələri tez-tez eşitdiyimiz üçüncü dünya müharibəsi ifadəsinin adiləşməsinə gətirib çıxarıb.
Bütün bu qanlı toqquşmaların iştirakçıları Azərbaycana dost, müttəfiq, strateji tərəfdaş və qonşu kimi çıxış edirlər.
Xüsusən də son günlər İran ətrafında baş verənlər proseslərin qarşısıalınmaz istiqamətə yönəldiyi fikrini ağıla gətirir.
Qeyd edək ki, ilin əvvəlində İranda törədilmiş qanlı terror hücumundan sonra İranın hansı reaksiya verəcəyi maraqla gözlənilirdi.
Yaxın Şərqdə İsrail HƏMAS qarşıdurması ilə region qan çanağına dönüb desək yanılmarıq. Hər kəs növbəti hərbi toqquşmanın, İsrail və Livan avarasında baş verəcəyini gözləyirdi, ancaq belə bir vaxtda toqquşmaların episentri yerini Qırmızı dənizə doğru dəyişdi. ABŞ və Böyük Britaniya İrana bağlı husilərə qarşı hərbi metodlar tətbiq etdilər. ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirəcəkləri barədə xəbərdarlıqlarını əməli fəaliyyətə çevirdi.
Artıq uzun müddət idi ki, husilər bu fəaliyyətlərini Qırmızı dənizdə həyata keçirirdilər. Müxtəlif ölkələrə məxsus gəmilərə edilmiş hücumlardan sonra husilərə dərs verilməsi çağırışları tez-tez səslənməyə başlanmışdı. ABŞ və Böyük Britaniya Qırmızı dənizdə husilərə və Yəmənin paytaxtına hava zərbələri endirdilər. Amma hər kəsə aydın idi ki, husilərə endirilən zərbələr dolayısıyla onu dəstəkləyən İrana qarşı idi.
Regionu bürümüş atəş həlqəsi İrana çatırdı və Tehran rejiminin hərəkətə keçməsi labüdləşmişdi. Və bu özünü çox gözlətmədi. İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur. İraq hökuməti bu zərəbələrə kəskin reaksiya verib və İranı BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyini bildirib. Həmçinin İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb. İraq Prezidenti Əbdüllətif Camal Rəşid isə bildirib ki, Sepahın Ərbili raket atəşinə tutması İraqda deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edir.
İraqla gərginlyin tavanda olduğu bir vaxtda "Sepah" "Ceyş əl-Ədl" qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib. Zərbələr raket və dronlar vasitəsilə vurulub. Beləliklə, "Sepah" ilk dəfə Pakistan ərazisini vurmuş olub.
Pakistanın Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb və Tehran hakimiyyətinə etirazını bildirib.
Yanvarın 17-də Pakistan səfirini İrandan geri çağırıb.
Bəs İranın qonşu ölkələrə bu zərbələrinin əsl məqsədi nədir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıb.
Politoloq bildirir ki, İranın ABŞ-ın İraq ərazisindəki hərbi bazasina endirdiyi 24 ədəd raket zərbələri Ağ evin regionda eskalasiyanın kəskinləşdirilməsi istiqamətində atdiği addımlara adekvat reaksiyadır.
Onun sözlərinə görə, ABŞ-ın Yəmən və husilərə qarşı Qərb dövlətlərindən ibarət koalisiya təşkil edərək Yəmənə və husilərin dislokasiya mövqelərinə endirdiyi zərbələrdən sonra çoxları rəsmi Tehranın özünü necə aparacağı ilə bağlı fərqli fikirlər söyləyirdilər:
"Eyni zamanda İsrail və Həmas arasında gedən hərbi əməliyyatlarla əlaqədar Qərbdəki bəlli dairələr İranın deklorativ mahiyyətli bəyanat və açıqlamalardan uzağa getməyəcəyi, müttəfiqlərinə siyasi dəstəklə kifayətlənəcəyi ilə bağlı proqnozlar verirdilər. İranın ABŞ-ın İraqdakı hərbi bazalarına endirdiyi zərbələr rəsmi Tehranın lazım gəldikdə siyasi iradə və qətiyyət nümayiş etdirmək bacarığında olduğunu göstərdi".
Politoloq xatırladıb ki, bundan əlavə bir müddət İranın Kirman şəhərində general Sülüymaninin anım mərasimi zamanı baş vermiş dəhşətli terror nəticəsində İranın 90- dan çox vətəndaşi həlak olmuş, lakin Qərb bu terror hadisəsinə susqun qalmışdı:
"Terrora görə məsuliyyəti boynuna göturən İŞİD-in ABŞ-ın xususi xidmət orqanları ilə iş birliyində olması nəzərə alınarsa, bu terrorun da arxasında Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının olması birmənalıdır. Maraqlıdır ki, məlum terror hadisəsindən sonra ABŞ Dövlət Departamenti tələsik bəyanat verərək nəinki özünün, İsrailin də terrorla heç bir əlaqəsi olmaması ilə bağli açıqlama ilə çıxış etdi".
Elşən Manafovun fikrincə, rəsmi Tehran özünün bu hərəkəti ilə bölgənin ərəb dövlətlərinə, xüsusilə İranın təsirinin güclü olduğu ölkələrə mesaj verərək, onları ABŞ və İsrailin bölgədə artan təcavüzünə qarşı həmrəy olmağa, hərbi və siyasi əməkdaşlığı genişləndirməyə çağırmış oldu:
"Husilərin Qırmızı dənizdə Qərbə məxsus ticarət və neft tankerlərinə hucumlarını İran dəstəkləyərək, onları sionizmə qarşi cihad edən qüvvələr olaraq xarakterizə edib. Nəhayət İranın məşhur generalı Süleymaninin məhz ABŞ-ın İraq ərazisindəki hərbi bazasından atılan raket zərbələri nəticəsində qətlə yetirilməsi faktı nəzərə alınarsa, bu Tehranın gecikmiş intiqamı idi, zira Süleymani sabiq prezident Trampın əmri ilə qətlə yetirilmişdi. İranın İraqa endirdiyi raket zərbələri nəticəsində burada PKK-ya məxsus hərbi anbarlarının partladılması, kürd iş adamı və Mossad casusu Pişro Dizayinin öldürülməsinə gəlincə onun İranı təhdid edən Kürdüstan rəhbərliyə ilə sıx əlaqələrə malik olması barədə İran kəşfiyyatında məlumatlar var idi. Falcon Group şirkətinin sahibi olan bu adam İraq neftinin İsrailə göndərilməsi ilə məşğul idi. ABŞ hərbçilərindən ibarət özəl hərbiləşdirilmiş qrup da bu iş adamının şirkətində yer alıb", politoloq vurğulayıb.
"İranın İraq ərazisinə endirdiyi zərbələrə gəlincə, əlbəttə bu İraqın müstəqilliyinə təhdiddir, beynəlxalq hüquqa görə, artıq İraq Tehrandan öz səfirini geri çağırıb. Lakin etiraf etmək lazımdır ki, İsrailin Suriya ərazisinə qırıcı və bombardmançı təyyarələrlə hücumları, ABŞ-a məxsus hərbi kontingentin Suriya ərazisində onun legitim hökumətinin razılığı olmadan mövcudluğu, Bəşər Əsədi devirmək üçün hərbi əməliyyatların aparılması özu də beynəlxalq hüquqa sayğısızlıq və təpkidir", Elşən Manafov fikirlərini yekunlaşdırıb.