DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

XİN rəhbərləri telefonla danışdı: Pakistanlı nazir iranlı həmkarından nə istədi?

Pakistan XIN-in rəhbəri vurğulayıb ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və Pakistan torpaqlarında İrana qarşı təhlükə yaranarsa, İslamabad müvafiq tədbirlər görməlidir.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. İran və Pakistan XİN rəhbərləri arasında telefon danışı baş tutub.
Bu barədə İran Xarici İşlər naziriliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı zamanı Tehrandan Pakistandakı terrorçu qrupların mövqeləri və hərəkətləri ilə bağlı kəşfiyyat məlumatı verməsini istəyib.
"Pakistanın xarici işlər naziri vurğulayıb ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və Pakistan torpaqlarında İrana qarşı təhlükə yaranarsa, İslamabad müvafiq tədbirlər görməlidir. O, həmçinin İrandan Pakistandakı terror qrupları haqqında məlumat verməsini xahiş edib. Nazir bildirib ki, bu iki ölkə arasında birgə əməkdaşlığın bir hissəsidir", İran Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Ötən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrin elit bölmələri) İranla həmsərhəd olan Pakistanda yerləşən Bəlucistan əyalətində Ceyş əl-Ədl terror qruplaşmasının əsas bazasına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Pakistan İranın hücumunu qətiyyətlə pisləyib və səfirini Tehrandan geri çağırıb. Öz növbəsində İran səfirinin hələlik İslamabaddakı diplomatik missiyasını davam etdirə bilməyəcəyini qeyd edib.
***
İslamabad İranın Pakistan ərazisinə endirdiyi zərbələrdən sonra səfirini geri çağırmaq qərarına gəldiyini Tehrana çatdırıb. Bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü X sosial şəbəkəsində yayımlanan paylaşımda qeyd edib ki, İran tərəfinə Pakistanın İrandakı səfirini geri çağırmaq qərarına gəlmə barədə məlumat verilib.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, hazırda İranda səfərdə olan İranın Pakistandakı səfiri hazırda Pakistana qayıda bilməyəcək. O qeyd edib ki, Pakistan iki ölkə arasında davam edən və planlaşdırılan bütün yüksək səviyyəli səfərləri yaxın günlərdə dayandırmaq qərarına gəlib.
Yanvarın 16-dı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətindəki Ceyş əl-Ədl terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil etdiyini bildirib.
Pakistan Xarici İşlər Nazirliyi İranın öz ərazisinə raket hücumunu kəskin şəkildə pisləyib və iki uşağın həlak olduğunu bildirib. Pakistan Xarici İşlər Nazirliyi qeyd edib ki, suverenliyin pozulması ciddi nəticələrə səbəb ola bilər.