BAKI, 17 yanvar — Sputnik. Mingəçevirdə məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Mingəçevir şəhər prokurorluğunun məlumat verilib.
Qeyd olunub ki, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2022-2023-cü illər ərzində məktəbin müəllimlərinə tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi yolu ilə 19 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və ya israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.