CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzinə baxış keçirib

Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar yaratmaqdır.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektləri üçün hərtərəfli şəraitin və geniş imkanların yaradılması istiqamətində intensiv şəkildə silsilə layihələr reallaşdırılır.
Yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn seçkilərlə əlaqədar fəaliyyətə başlayan MSK-nın "Seçki-2024" Müstəqil Media Mərkəzində olub.
Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib. MSK sədri yaradılmış şəraitlə yaxından tanış olaraq, yerli və beynəlxalq media nümayəndələrinin prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb, bu barədə öz tövsiyələrini bildirib.
Sonra M.Pənahov həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də, ümumiyyətlə, prezident seçkilərinə hazırlıqların gedişi barədə media nümayəndələrinə açıqlama verib.
Tədbir çərçivəsində diqqətə çatdırılıb ki, Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar yaratmaqdır. Mərkəz seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, habelə məlumatları almaqda və dərhal ictimailəşdirməkdə onlara yardımçı olacaq. Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdəki kompüterlərdən, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbaycan, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər yayılır.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.