BAKI, 17 yanvar — Sputnik. Valideynlər sosial platformada Bakı və Abşeronda bir sıra məktəblərdə istilik probleminin olduğunu iddia edirlər. Məlumatlara görə Bakıda 311, Abşeronda isə 3 saylı məktəbdə istilik olmadığından şagirdlər sinif otağında üst geyimlərində otururlar. Valideynlər vatsap qruplarında bunu əks etdirən şəkillər də paylaşıblar. Lakin aidiyyatı qurumlar təhsil müəssisələrində istilik problemi olmadığını bildirir.
Sputnik Azərbaycan-nın sorğusuna Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxt məktəblərində istilik problemi yoxdur.
"676 təhsil müəssisəsi istiliklə təmin edilib. Təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülüb. Hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlər aparılıb. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir" - BŞTİ-dən bildirilib.
O, da qeyd edilib ki, hazırda 311 saylı məktəbdə istiliklə bağlı problem yoxdur.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə sorğumuza cavabda bildirilib ki, qış mövsümü ilə əlaqədar məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi diqqət mərkəzindədir:
"Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Təhsil müəssisələrinin istilik təminatında yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə öncədən mütəmadi olaraq təhsil müəssisələrində monitorinqlər keçirilir. Qeyd etdiyiniz təhsil müəssisəsində istiliklə bağlı hər hansı bir ciddi problem yoxdur və bununla bağlı rəsmi olaraq idarəyə heç bir müraciət daxil olmayıb".