BAKI, 16 yanvar — Sputnik. İraq hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin bir hissəsi) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi raket zərbəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) şikayət etmək niyyətindədir. Bu barədə İraq Ərəb Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İraq hökuməti İranın Ərbil şəhərinə hücumunu şiddətlə qınayır. Bu hücum zamanı yaşayış binalarına ballistik raketlər atılıb və dinc əhali arasında tələfat olub", - Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bağdad suverenliyə qarşı təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etmək niyyətindədir.
İRNA-nın məlumatına görə, yanvarın 16-sı gecə saatlarında SEPAH İsrailin Ərbildəki "casus mərkəzləri"nə, həmçinin İraq Kürdüstanında anti-İran terror qruplarının tərəfdarlarına hücum edib. İranın elit hərbi birləşmələrinin bəyanatına əsasən, yanvarın 3-də İranın Kirman şəhərində törədilən terror aktına cavab olaraq Ərbil yaxınlığındakı hədəflərə, həmçinin "sionist rejimin son vəhşiliklərinə cavab olaraq hücum edilib.