BAKI, 16 yanvar — Sputnik. İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.
Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
15.09.23
Bu gün Azərbaycanda ilk dəfə olaraq MDB ölkələri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib. Biz MDB-dən 7 ölkənin Bas prokurorları ilə 33-cü iclasımızı keçirdik və cinayətkarlığa qarşı mübarizə sahəsində MDB məkanında aktual məsələləri müzakirə etdik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İƏT Baş prokurorlarının 4-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Kamran Əliyevin sözlərinə görə, müzakirə olunmuş məsələlər gələcək üçün faydalı olacaq: "Təbii ki, cinayətkarlıq artıq sərhədləri aşır. Ona görə də cinayətkarlığa qarşı mübarizə sahəsində bütün hüquq-mühafizə orqanları, o cümlədən də prokurorluq əməkdaşlarının fəaliyyəti zəruridir. Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclası keçirilir və ümid edirik ki, regionda cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. Azərbaycan hazırda İƏT-ə sədrlik edən ölkədir. Demək olar ki, 10 ölkənin Baş prokurorları cinayətkarlığa qarşı məsələləri müzakirə edəcəklər".
İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı sualı cavablandıran Kamran Əliyev bunları bildirib:
"Bu məsələni iranlı həmkarımla, İranın Baş Prokuroru ilə müzakirə etdik. Detalları barədə məlumat vermək istəməzdim. Onu deyə bilərəm ki, bu məsələ müzakirə edilib və ümid edirik ki, müsbət nəticələr əldə olunacaq".
Kamran Əliyev, həmçinin bildirib ki, işğaldan azad olunmuş ərazilərdən tapılan insan qalıqları ilə bağlı işlər davam etdirilir: "Həm milli qanunvericilik çərçivəsində araşdırma aparılır, həm də beynəlxalq məhkəmələrə müvafiq müraciətlər olunur. Qarabağda aparılan tikinti və yenidənqurma işləri zamanı tapılan qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülür. Ermənilər xəritələri tam verməyib, təqdim olunan xəritələrin də əksəriyyəti reallığa uyğun deyil. Onu deyə bilərəm ki, hazırda tapılan insan qalıqlarının ailələrinə təhvil verilməsi istiqamətində fəaliyyət davam etdirilir".
Xatırladaq ki, İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli iki il müddətinə azadlıqdan məhrum edilib.