BAKI, 16 yanvar — Sputnik. "Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10,8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11,2 faiz artdığını bəyan edib".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşıb.
"Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Qeyd edək ki, 2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq", - deyə ekspert bildirib.
O əlavə edib ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur:
""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".
Xatırladaq ki, ötən ilin sonu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirmişdi ki, pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. İndeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.
Məlumat üçün onu da bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.