PAYTAXT XƏBƏRLƏRİ

Bakının neçə təhsil müəssisəsi istiliklə təmin edilib?

"Azəristilik" ASC iddia edir ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. "676 təhsil müəssisəsi istiliklə təmin edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülüb: "Hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlər aparılıb".
O əlavə edib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir.
Səccət Mahmudov monitorinqlər nəticəsində problemlər aşkar olunan məktəb və bağçalarda təmir-bərpa işləri aparıldığını, gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görüldüyünü, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.