BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "APA-Economics"in xətdə olan köhnə avtobuslarla bağlı sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən verilən məlumatda qeyd olunub ki, hazırda hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara verilməsi və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var: "Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib".