RUSİYA

Rusiya səfirliyi Bakıdakı yanğın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib

Bakıda mebel sexində baş verən yanğında ölənlərin sayı 6 nəfərə çatıb.
Sputnik
BAKI, 15 yanvar - Sputnik. Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - deyə Rusiya diplomatik missiyasının sosial şəbəkədə yayılmış məlumatında bildirilir.

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb.
Rəsmi məlumata görə, hadisə çoxsaylı insan tələfatı ilə nəticələnib. Hazırda nəfərin həlak olduğu bildirilir.
Eyni zamanda hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.