PAYTAXT XƏBƏRLƏRİ

Qarlı havada xəsarət alanların sayı açıqlandı

Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib:

"Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvarda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar".

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, bu təşkilata 137 nəfər müraciət edib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.
Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir.
Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.