Paşinyan niyə Ermənistanı İranla eyniləşdirir? Üçtərəfli bəyanatı kimlər unutdurur
Millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistan Baş nazirinin kommunikasiyalarla bağlı açıqlaması da manipulyasiya cəhdidir.
SputnikBAKI, 15 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan yeni açıqlamaları ilə gündəmə gəlib. Paşinyan bildirir ki, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır.
Paşinyanın bu açıqlaması Bakıda birmənalı olaraq neqativ qarşılanır. İrəvanın danışıqlar prosesinin əsaslandığı üçtərəfli birgə bəyanatı gözardı edərək verdiyi açıqlamalar, prosesi başqa bir istiqamətə yönləndirir. Bakıda Ermənistan tərəfinin bu planlarından xəbərsiz deyillər.
Bəs Paşinyanı belə açıqlamalar verməyə nə vadar edir?
Mövzu ilə bağlı millət vəkili Asim Mollazadə, politoloq Samir Hümbətov, siyasi analitik Nadir Şəfiyev Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkli Asim Mollazadə deyir ki, dəfələrlə Paşinyandan ziddiyyətli açıqlamalr eşidilib:
"Hesab edirəm ki, Paşinyanın belə bir açıqlama verməsinin məqsədi sülh prosesini uzatmaqdır. Paşinyan prosesləri fərqli məcralara yönəltmək istəyir. Gözləyək, bəlkə növbəti günlərdə bunların əksi olan açıqlamalar verəcək".
Millət vəkili hımçinin deyir ki, Ermənistan sülh sazişini imzalamaqdan ehtiyat edir:
"Bu, həm də Ermənistanın daxilindəki problemlərdən qaynaqlanır. Erməni diasporu sülh prosesinin əleyhinədir, əksinə, yeni müharibələr, faciələr istəyir. Ermənistan rəhbərliyi isə Rusiya və Qərbin arasında oyun oynayır. Onlar Moskvaya gedib bir söz danışırlar, Avropa səhnəsində isə başqa rola girirlər. Ermənistan rəhbərliyi hər kəsi aldada biləcəyini düşünür".
Millət vəkili vurğulayıb ki, Ermənistan Baş nazirinin kommunikasiyalarla bağlı açıqlaması da manipulyasiya cəhdidir.
"Azərbaycan və İran arasında dövlətlərarası sazişin Ermənistanla da eynisinin tətbiqi mümkünsüzdür. Çünki Azərbaycan Ermənistanla üçtərəfli bəyanat əsasında danışıqları davam etdirir. Həmin bəyannamədə kommunikasiyalarla bağlı aydın şəkildə hər şey izah edilib. İndi Paşinyanın yenidən velosiped icad etmək cəhdləri səmərəsiz addımlardır. Ermənistan öhfdəliklərini mütləq şəkildə yerinıə yetirməlidir. Çünki bu, Ermənistanın həm də xilası olacaq", – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq Samir Hümbətov hesab edir ki, Paşinyanın dilə gətirdiyi son fikirlər kökündən yanlışdır:
"Ən azından ona görə ki, Azərbaycan və İran arasında sazişlər iki ölkə sərhədlərinin müəyyən edildiyi bir şəraitdə həyata keçirilir. İran və Azərbaycan arasında ərazi mübahisəsi yoxdur".
Politoloq bildirir ki, Ermənistan tərəfi mövcud vəziyyəti doğru qiymətləndirə bilmir:
"Paşinyanın açıqlamaları danışıqlar prosesi ilə manipulyasiya etmək cəhdidir. Ermənistanın bu prosesi sabotaj etməsinin başlıca səbəblərindən biri bu ölkəyə xaricdən verilən dəstəklə bağlıdır. Bu dəstək də Ermənistanı cəsarətləndirir. Amma Ermənistan prosesləri sabotaj etsə də sonda Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur. Ermənistanın dövlət kimi mövcudluğunun başlıca amillərindın biri onun blokadadan çıxması və Azərbaycanla münasibətləri normallaşdırmasıdır. Sülh müqaviləsi olmasa, Ermənistanın Türkiyə ilə münasibətlərinin qurulması da mümkün olmayacaq və bu da blokada şəraitinin davam etməsi demək olacaq".
Siyasi analitik Nadir Şəfiyev bildiri ki, Ermənistan və Azərbaycan arasında sərhədlər haqqında saziş yoxdur, delimitasiya edilməmiş sərhəd məsələsi var:
"Digər tərəfdən 2020-ci ilin 10 noyabr sazişi qüvvədədir. Hətta buna əlavə olaraq iki sənəd də mövcuddur. Bu sənədlərə əsasən Ermənistan Azərbaycana dəhliz verməlidir. Ermənistan bu gün qalib ölkə qarşısında şərt irəli sürməyə çalışır, həm də boynuna götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Əslində bu bizə qəribə gəlmir. Çünki Ermənistan hakimiyyəti erməni xislətini çox gözəl nümayiş etdirir".
Nadir Şəfiyev onu da vurğulayır ki, Paşinyanın özbaşına olmadığı daim diqqət edilməli məqamdır:
"Bu gün Paşinyan səsləndirdiyi fikirlərlə əslində ona havadarlıq edənlər qarşısında götürdüyü öhdəlikləri icra edir. Paşinyanın öhdəliklərindən bir odur ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi mümkün olduqca imzalanmasın. Bu gün Paşinyan elə bir şərait yaradır ki, nə revanşistlər, nə də sülh tərəfdarları ona irad tuta bilmirlər".
Azərbaycan Prezidentinin daim Ermənistana xəbərdarlıq etdiyini deyən analitik bildirib ki, Azərbaycan bu gün sülhə istiqamətlənmiş doğru siyasətini davam etdirir, Ermənistan isə öz fırıldaqçı siyasəti ilə nəyəsə nail olmaq istəyir.
"Ermənistanın Naxçıvan məsələsində İranla özünü eyniləşdirməsi də absurddur. Təbii ki, İranla olan tarixi məqamlar bu ölkənin Azərbaycanla Naxçıvan arasında kommunikasiyada mövcud mövqeyini şərtləndirir. Ancaq Ermənistan üçün bu keçərli ola bilməz", - deyə siyasi analitik fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.