MSK-nın Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçki - 2024" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.
Mərkəzin https://secki-2024.az/ saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.
Mərkəzin həm feysbuk səhifəsi, həm də teleqram kanalı aktiv fəaliyyət göstərir.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
7.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.