CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının "rəqəmsal əkiz"i necə yaradıldı?

Yeni texnologiyalar tətbiq edilməklə yolların istismar müddətinin uzadılması məqsədilə, elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Ötən il nəqliyyat sektorunda bir sıra yeniliklər olub. Sputnik Azərbaycan yola saldığımız ildə nəqliyyat sahəsində baş verən yenilikləri oxucuların diqqətinə çatdırır.
Yeni layihələr həyata keçirilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yola saldığımız il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat sahəsində mühüm layihələr həyata keçirilib. Bu il sərnişin və yük daşımaları sahəsində tənzimləmələrin təmin edilməsi üçün Qanunvericiliyə bir sıra dəyişikliklər edildi. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, ötən ilin oktyabrın 1-dən beynəlxalq sərnişin və yük daşımaları, ölkədaxili sifarişli (yük və qeyri-müntəzəm sərnişin daşımaları) daşımalar, taksi və taksi sifarişi operatoru fəaliyyəti müvafiq icazə əsasında həyata keçirilir. Taksi minik avtomobillərinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqləndikdən sonra isə taksi ilə sərnişin daşımaları da icazə ilə tənzimlənəcək. Eyni zamanda sərnişin və yük daşımalarında istifadə olunacaq hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartı alınmalıdır.
Beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidə hazırlanan Bakı şəhərinin mobillik planı hazırlandı və bir sıra layihələrin icrasına başlanıldı.
Yol infrastrukturu layihələrinin seçilməsi üçün analitik alət - Bakının "rəqəmsal əkiz"i yaradılıb. Son infrastruktur layhilərinin prioritetləşdirilməsi, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin "rəqəmsal əkiz"ə əsaslanmaqla icra edilir. Bu günədək ümumilikdə 20-dən çox ciddi investitsiya tutumlu layihələr "rəqəmsal əkiz" üzərində simuliyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub. Ən səmərəli layihələr prioritetləşdirilib.
Avtobus zolaqları, arxiv
Avtobus zolaqları çəkildi
Avtobuslar üçün xüsusi zolaqların ayrılması da icra edilən layihər arasındadır. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 22-24 dəqiqə qısalıb.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib. Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunub. Marşrutların orta yüklülüyü 55%-ə endirilib, xətlərə əlavə 200 avtobus buraxılıb.
Parklanmada yeni model yaradıldı
Parklanma yerlərinin idarə olunmasına başlanılıb. Ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi təmin edilib.
Velosiped zolaqlarının salınmasına başlanılıb. 1-ci mərhələdə uzunluğu 7 kilometr olan velosiped və skuter yolun salınıb.
Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində layihələr hazırlanıb. 2024-cü ildə təqdim ediləcək.
parklanma
Taksi sürücləri təlimlərə cəlb edilib. AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günədək 12 mindən çox sürücü təlimlərdə iştirak edib.
Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün də müəyyən olunmuş proqram üzrə hazırlıq keçirilir. Peşəkarlıq səriştəsinə dair hazırlığı 10.000 nəfərdən çox sürücü müvəffəqiyyətlə bitirib.
Sərnişindaşımada təmassız texnologiya tətbiq edildi
Bu il, həmçinin xidmətlərin rəqəmsallaşması ilə də yaddaqalan olub. İyun ayında avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq – "BakıKart" təqdim edildi. Tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, "BakıKart" plastik kartların balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilirlər.
Onu da qeyd edək ki, ictimai nəqliyyatda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem hazırlanır. 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.
Bakı metrosunda
2023-cü ilin avqustunda "Azparking" mobil tətbiqi istifadəyə verilib. Tətbiq vasitəsilə istifadəçilər olduqları məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapa, koordinatları təyin edə və parklanma yerini seçə və parklanmaya görə ödəniş edə bilirlər.
AYNA İnformasiya Sisteminin e- Fərqlənmə nişanı, E-daşıyıcılar, İcazələrin elektron idarə edilməsi - İcazə blanklarının sifarişi, Buraxılış kartlarının elektron qaydada verilməsi kimi bir neçə alt sistem istifadəyə verilib.
Yaxın vaxtlarda AYNA İnformasiya Sisteminin yeni komponenti – əmtəə təyinatlı yüklərin daşınması üçün tərtib edilən elektron əmtəə nəqliyyat qaiməsi istifadəyə veriləcək.
"Biletim.az" portalına yeni istiqamətlər əlavə edilib. Hazırda 43 şəhər və rayona 66 istiqamət üzrə onlayn bilet almaq mümkündür. Sistemə qoşulan daşıyıcıların sayı 127, nəqliyyat vasitələrinin sayı isə 289-dur. Bu ilin oktyabr ayından etibarən sərnişinlər "biletim.az" üzərindən Naxçıvana da bilet əldə edə bilirlər.
Vətəndaş məmnuniyyəti
AYNA "Bakı KOB evi"ndə sahibkarlara ən çox xidmət göstərən qurumdur. 2023-cü ilin 10 ayı ərzində AYNA tərəfindən "Bakı KOB evi"ndə 204 min 520 sayda xidmət göstərilib.
İcazə sistemində yeni yanaşmanın tətbiqi nəticəsində daşıyıcılarının "İcazə" blanklarına çıxışı asanlaşdırılıb. Bütün növ İcazələrin alınmasında bərabərhüquqluluq təmin edilib, Bu sahədə şəffaflığın təmin edilməsi nəticəsində daşıyıcıların xərcləri kəskin şəkildə azaldılıb.
Avtomobil nəqliyyatı ilə bütün ikitərəfli daşıma istiqamətləri üzrə milli daşıyıcıların bazar payı artıb. 2023-cü ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən ümumilikdə 256.653 daşıma həyata keçirilib. Bu daşımaların 135.441 Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib. Bu da ümumi daşımaların 52.77%-ni təşkil edir.
Ötən ilin aprel ayından "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları"nın tətbiqinə başlanılmışdır. Hazırkı vaxtadək, 247 Hüquqi və 1282 fiziki şəxs olmaqla 1529 operator uçota alınıb.
Beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı 2023-cü ildə 12.593 ədəd təşkil edir. 2023-cü ildə 3774 dartıcı, 3208 qoşqu və yarımqoşqu idxal edilib, ötən ilin 9 ayı üzrə avtomobil nəqliyyatı xidmətlərinin ixracının ölkənin qeyri-neft ixracına nisbəti 8,9% təşkil edir.
Yeni texnologiyalar tətbiq edilməklə yolların istismar müddətinin uzadılması məqsədilə, elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb. Mərkəz avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.