BAKI, 12 yanvar — Sputnik. Tbilisi Beynəlxalq Hava Limanı sıx duman səbəbindən Bakı, Moskva, İstanbul və İrəvandan uçuş reyslərini qəbul edə bilməyib. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Tbilisi və Batumidəki aeroportlara sahiblik edən "TAV Georgia" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Azerbaijan Airlines" aviaşirkətinin Bakı-Tbilisi reysini həyata keçirən təyyarələri sıx dumanla əlaqədar olaraq Tbilisi aeroportunda eniş edə bilməyib və Bakıya qayıdıb. Həmçinin, İrəvan-Tbilisi və Tehran-Tbilisi reysi həyata keçirən təyyarələr də geri qayıtmalı olub. İstanbul-Tbilisi reysini həyata keçirən təyyarənin isə Türkiyənin Trabzon şəhərində eniş etdiyi qeyd olunub.