CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kişi mübahisə zamanı arvadını öldürdü- Qonşular təfərrüatları açıqladı

Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qobustan qəsəbə sakinləri, mərhumun yaxınları Sputnik Azərbaycan-a bildiriblər ki, qadın əvvəllər hərbidə işləyib. Həyat yoldaşı ilə tez-tez mübahisələri yarandığı üçün illər öncə ayrı yaşayıblar. Zaman Zeynalovun narkotik maddə istifadə etdiyinə dair də məlumatlar var. Böyük qızları ailə həyatı qurduqda onlar barışıblar. Amma bir müddət sonra qızları boşandığından Zaman Zeynalov bunun günahını Pərvanə Zeynalovada görüb, buna görə mübahisələri düşüb. O, qızının həmin şəxsə ərə verilməsinin Pərvanənin günahı olduğunu deyərək ona çoxsaylı bıçaq zərbələri endirib. Qonşular qeyd edib ki, onların birgə nikahdan iki qız övladları var.