BAKI, 11 yanvar — Sputnik. 2023-cü ildə Azərbaycan təbii qaz ixracını 5,3 % artıraraq 23 milyard kubmetrə çatdırıb. Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bunun da 11,8 milyard kubmetri Avropaya, 9,5 milyard kubmetri Türkiyəyə, 2,5 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Onun sözlərinə görə, ötən il ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 5,6 milyard kubmetr qaz tədarük edilib.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana "mavi yanacağın" nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyəti 3 milyard kubmetr təşkil edir, 5 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.