MƏDƏNİYYƏT

Heydər Əliyev Yuri Solominə çətin anda necə kömək edib - dahi aktyorun xatirəsinə...

Məşhur rusiyalı rejissor və aktyor Azərbaycanın paytaxtını dəfələrlə ziyarət edib və Bakıda bir çox həmkarları ilə tanış olub.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. SSRİ xalq artisti, Rusiya Dövlət Akademik Kiçik Teatrının bədii rəhbəri Yuri Solomin 89 yaşında Moskvada vəfat edib. Onunla vida mərasimi yanvarın 15-də Kiçik Teatrın əsas səhnəsində keçiriləcək. Solomin Troyekurovski qəbiristanlığında dəfn olunacaq.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun sözlərinə görə, o, teatr və kinematoqrafiya sənətinin inkişafına əvəzsiz töhfə verib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Yuri Solominin ölümünü Rusiya incəsənəti üçün əvəzedilməz itki adlandırıb.
Rusiyalı rejissor və aktyor bir neçə dəfə Bakıya səfər edib , Azərbaycandan olan bir çox həmkarlarını tanıyıb, onlarla ünsiyyətdə olub. Kiçik Teatrın kollektivi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində dəfələrlə uğurla çıxış edib.
Yuri Solomin, arxiv
Bakıya səfərləri
Xalq artisti ilk dəfə 1970-ci ildə Azərbaycanın paytaxtına səfər edib. Solomin müsahibələrində xatırladıb ki, o zaman Kiçik Teatrın ilk qastrol səfəri Bakıda baş tutub. Həmin vaxt o, teatrda aktyor kimi çalışıb və demək olar ki, bütün tamaşalarda iştirak edib.

"Bu, mənim ilk ciddi qastrol səfərim idi. Özümə yeni səkkiz millimetrlik kinoplyonka üçün "Turist" adlı həvəskar kinokamera aldım. Bütün şəhəri gəzirdim, hər şeyi çəkirdim, xüsusən də yaşlı insanları lentə alırdım. Sonra təəssüf ki, kameram sındı. Əfsuslar olsun ki, plyonkanı bərpa etmək mümkün olmadı. Çox yaxşı kadrlar alınmışdı. Tamaşanın adını dəqiq xatırlamıram, ancaq onu deyə bilərəm ki, Bakı tamaşaçıları bizi çox isti qarşıladılar", - deyə Solomin xatırlayırdı.

Yuri Solomin, arxiv
Heydər Əliyevlə görüş
Sənətçi Bakıda ilk qastrol səfəri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə tanış olub. Rejissor qeyd edib ki, Heydər Əliyev aktyorlar üçün heyrətamiz panoraması olan gözəl bir restoranda təntənəli ziyafət təşkil edib.
"Heydər Əliyev bizə qeyri-adi hədiyyə təşkil etdi. İtaliyada təhsilindən yenicə qayıdan oxumağa yeni başlayan bir ifaçı bizim üçün çıxış etdi. Bu, Müslüm Maqomayev idi. Mən onu ilk dəfə idi ki, eşidirdim. O, bizim üçün "Fiqaro"nu ifa etdi və biz qarşımızda yüksələn ulduzun ifa etdiyini anladıq. Bundan sonra mən Maqomayevlə dəfələrlə görüşmüşəm və onun Tamara Sinyavskaya necə hörmətlə yanaşdığının şahidi olmuşam", - deyə Solomin bildirib.
Üç ildən sonra xalq artisti yenidən Heydər Əliyevlə görüşür. Onların görüşü Moskva teatrının qastrol səfərinə getdiyi Tbilisidə baş tutur. Rejissor bildirir ki, o zaman böyük hökumət nümayəndə heyətinin iştirak etdiyi hərbi bayramda çıxış edirdilər. Konsertdən sonra aktyorlar hotelə qayıtmaq istəyəndə Heydər Əliyev onlara yaxınlaşır və deyir.
"Heydər Əliyev üzündə təbəssümlə məndən soruşdu ki, niyə Gürcüstanda çıxış edirsiz, nacaq qonşu olan Azərbaycana təşrif buyurmursunuz. Rusiyaya qayıtdıqdan sonra bu barədə teatrımızın rəhbərliyinə məlumat verdim", - deyə Solomin xatırlayır.
Yuri Solomin, arxiv
Azərbaycan liderinin köməyi
Krımda "Ömrünün sahili" filminin - səyyah Mikluho-Maklay haqqında çəkilişlərində iştirak edərkən Heydər Əliyevin ona göstərdiyi köməyi xalq artisti heç vaxt unutmayacağını deyib.

"Biz çəkiliş qrupu ilə Simferopoldan Yaltaya köçməli idik. Mənzillə bağlı çətinliklər yarandı: bizə lazımi sayda hotel nömrələri vermək istəmədilər. Filmdə rol alan hörmətli və sevilən aktyorlar sözün əsl mənasında açıq səma altında qalırdılar. Biz Heydər Əliyevə teleqram göndərdik, o zaman o, Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində işləyirdi və mədəniyyət məsələlərinə nəzarət edirdi. Bir günün içində bizə yaşayış yeri tapıldı, üstəlik, qrupu rekvizitlərlə şəhərdən şəhərə aparmaq üçün bizə maşınlar da təklif olundu. Bunu heç vaxt unutmayacağam! Heydər Əliyev çox qayğıkeş insan idi", - deyə Solomin müsahibələrində qeyd edib.

Moskva Kiçik teatrın aktyorları Bakıdakı Rus Dram Teatrının səhnəsində “Evlənmə” tamaşasını nümayiş etdiriblər, arxiv
Kiçik Teatr sonuncu dəfə 2019-cu ildə Bakıda qastrol səfərində olub. Kollektiv yenidən Rus Dram Teatrının səhnəsində Nikolay Qoqolun pyesi əsasında hazırlanmış "Evlənmə" tamaşası ilə çıxış edib. Tamaşanın rejissoru Yuri Solomin olub, lakin təəssüf ki, özü Bakıya gələ bilməyib.
Xalq artistinin yaradıcılıq yolu
Yuri Solomin 18 iyun 1935-ci ildə anadan olub. 1957-ci ildə Şepkin adına Ali Teatr Məktəbini bitirdikdən sonra Kiçik Teatra qəbul olub. Aktyorun səhnədə oynadığı rollar arasında Qoqolun "Baş müfəttiş" əsərində Xlestakovu, Lev Tolstoyun "Canlı meyit" əsərində Fedya Protasovu, Anton Çexovun "Vanya əmi" əsərində Voinitskini, Edmond Rostandın eyniadlı tamaşasında Sirano de Berjerakı və Aleksey Tolstoyun pyesi əsasında "Çar Fyodor İoannoviç" faciəsində Çar Fyodoru qeyd etmək olar.
Solomin 1980-ci ildən teatrda və rejissor kimi fəaliyyət göstərib. O, 1988-ci ildən Rusiya Dövlət Akademik Kiçik Teatrının bədii rəhbəri olub.
Yuri Solomin, arxiv
Onun ən yaxşı kino əsərləri: Pavel Koltsov ("Zati-alilərinin adyutantı", 1969), Telegin ("Əzab içində gəzmək", 1977), mayor Zvyagintsev ("Blokada", 1975- 1978), Henrix Ayzenşteyn ("Yarasa" televiziya filmi, 1979), Vladimir Aleksandroviç ("Pəncərədəki işıq", 1980), Doktor Qradov ("Moskva saqası", 2004).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.