ELM

Gərginlik artır: geofizik yazdan əvvəl Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıb

Türkiyənin Hakkari vilayətində yer qabığının qalınlığı, təqribən 43 km-dir və hazırda o, gedən sürüşmə prosesinə müqavimət göstərir.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Türkiyəli geofizik, professor Ovgün Ahmet Ercan yazdan əvvəl ölkədə güclü zəlzələ olacağını proqnozlaşdırsa da, təkanların dəqiq yerini söyləməkdə çətinlik çəkib.
"Bu və ya digər şəkildə, düşünürəm ki, yazdan əvvəl biz zəlzələ görəcəyik. Amma hazırda onun harada baş verəcəyini bilmirəm. Təəssüf ki, belə bir mənzərə yaranıb. Vəziyyət, xüsusilə Anadoluda gərginliyin artdığını göstərir" - alim bildirib.
Onun sözlərinə görə, Anadoluda çox "gərgin vəziyyət" müşahidə olunur.
"Bu gərginlik hər yerdə artır. Bir qədər qeyri-adi vəziyyət yaranıb. Əslində, 4 bal gücündə zəlzələlər güclü olmasa da, ölkənin müxtəlif yerlərində 4 baldan yuxarı zəlzələlərin baş verməsi halı adamlarda istər-istəməz "təşviş yaradır" - Ercan sözünə davam edib.
O, 2011-ci ildə Van zəlzələsi zamanı gərginliyin Hatay istiqamətində, Bitlis qurşağının isə Hakkari istiqamətində hərəkət etdiyini qeyd edib.
"Buradakı Yer qabığının bütövlüyünün pozulması zonası uzun müddətdir ki, "susur". Burada baş verən zəlzələ zamanı yer qabığında yaranan sürüşmə prosesi mövcuddur. Gələcəkdə zəlzələlərin olacağı yerlər var. Hakkaridə zəlzələlərin bir-birinin ardınca baş verməsi məni düşündürdü. Bu bölgədə yer qabığının qalınlığı, təqribən 43 km-dir və o, hazırda yer qabığında gedən sürüşmə prosesinə müqavimət göstərir. Lakin burada yer qabığının sürüşməsi üçün kifayət qədər gərginlik toplanarsa, o zaman, təxminən 7.0 bal gücündə zəlzələ gözlənilir. Nə vaxt baş verəcəyini demək mümkün deyil, lakin bu bölgə, əgər zəlzələ baş verərsə, yer qabığında yaranacaq sürüşmə prosesinə namizəddir. Əlbəttə, hər 4 bal gücündə zəlzələdən sonra güclü zəlzələ gözləmək düzgün olmazdı. Amma geofizika baxımından bu, bizə belə deyir: "Mən gəlirəm!" - alim vurğulayıb.
Xatırladaq ki, ötən il fevralın 6-da Kahramanmaraş vilayətində 9 saat fərqlə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun baş verdiyi yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə, o cümlədən Suriyada hiss olunub.
Zəlzələdən sonra baş verən yüzlərlə afterşok Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, bu zəlzələdə Türkiyədə 55 mindən çox insan həyatını itirib.