BAKI, 11 yanvar — Sputnik. "Dünyamız nizamsızlığa doğru sürətlə irəliləyir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov "Dinin siyasiləşdirilməsi: zərərli təsirlər" mövzusunda konfransdan öncə jurnalistlərə açıqlaması zamanı deyib.
"Nəticədə, dinlər siyasi və imperialist maraqlar üçün alətə çevrilir. Bunun da acı nəticəsini Yaxın Şərqdə görürük. Bu mənada, beynəlxalq təşkilatlar öz məsuliyyətlərini dərk etməlidirlər. Bu gün, çox təəssüf ki, inanclıların istismar prosesi gedir", - sədr müavini deyib.
Səyavuş Heydərov Azərbaycanda dini mühitin sabit və şəffaf olduğunu bildirib:
"Dini həmrəylik ölkəmiz tarixində ən yüksək həddədir. Biz bu birliyi Vətən müharibəsi dövründə də gördür. Dövlət tərəfindən icmalara hər cür dəstək göstərilir. ABŞ-nin verdiyi hesabat yanlış və qərəzlidir. Mənşəyi məlum deyil. Hətta buna mən küçədən yığılmış məlumat deyərdim".
Dini Komitə nümayəndəsi hesabat yayan şəxslərlə dəfələrlə görüş keçirildiyini də əlavə edib:
"Onlar bizə daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər. Amma hesabatda görürük ki, bu belə deyilmiş, burada erməni diasporunun izləri görünür. Yəni o hesabatı verənlər diasporun əsirinə çevriliblər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.