BAKI, 10 yanvar - Sputnik. Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir:
"Hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir. Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb".
Məlumatda həmçinin bildirilir ki, hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir. Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz (KTM), KTM-in nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir. Uşaqlardan 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.
TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.
Xatırladaq ki, yanvarın 9-u Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
09.01.24, 16:18
Perinatal Mərkəzdəki yanğın zamanı 60 uşaq təxliyə olunub
Respublika Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir.
"Report"un məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal mərkəzdəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən deyib.
Onun sözlərinə görə, 60 uşaq TƏBİB-in tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub: "Həmin uşaqların yanıq xəsarətləri yoxdur. Perinatal Mərkəzdə müalicə alanlar vaxtından öncə doğulan və ya yanaşı patalogiyası olan uşaqlardır. Onlarda təxliyə ilə bağlı hansısa ağırlaşma baş verməyib. Uşaqların durumu tam nəzarətdədir. Onların müalicələri davam etdirilir".
Qeyd edək ki, Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilib.
***
“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”.
Bunu Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.
***
Respublika Perinatal Mərkəzində baş verən yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfərdən 2-si evə buraxılıb.
Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, KTM-in Toksikologiya şöbəsinə 2 qadın və bir kişi gətirilmişdi: "Hazırda bir nəfərin müalicəsi davam edir, vəziyyəti stabildir".
***
Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bunu “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Məlumata görə, körpələrin vəziyyəti stabildir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.
Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
"Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.
Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - birgə məlumatda vurğulanıb.