BAKI 10 yanvar - Sputnik. Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi” - dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir:
“Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz”.
İ.Əliyev qeyd edib ki, sentyabra qədər (2023-cü il – red.) getdiyimiz yol məqsədyönlü və düzgün yol idi:
“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb.
"Biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik. Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar”, - deyən dövlətimizin başçısı bildirib ki, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir.
"Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi" - dövlət başçısı deyib.
Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”.
Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident vurğulayıb ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.
Danışıqları elə aparırdıq ki, məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək
"Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil" - İlham Əliyev deyib.
“Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi” - dövlət başçısı əlavə edib.
"Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur" - o, deyib.
Dövlətimizin başçısı bildirib ki, əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.
“Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları məqsədyönlü əməliyyatlar idi
"23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik" - Prezident deyib.
Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın – red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:
“Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi”.
Prezident deyib ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik.
Məqsədimizin ölkəmizin suverenliyini tam bərpa etmək və burada yaşayan əhalini vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya biləcəyinə inandırmaq olduğunu xatırladan dövlətimizin başçısı bildirib: “Bizim niyyətimiz çox açıq, aydın idi və o təmaslar əsnasında bəzi müsbət addımlar da atılmışdır. Yəni ki, yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq”.
Antiterror əməliyyatı daha qısa müddət ərzində tamamlanmışdı
"Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyilir ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma, əslində, daha qısa müddət ərzində tamamlanmışdı" - o, deyib.
Dövlət başçısı qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”.
"Separatçıların başçıları ilə bağlı mövqeyimiz birmənalı idi"
"Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
O qeyd edib ki, "İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik".
"Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik
"Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir" - İlham Əliyev deyib.
O qeyd edib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.