CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF sədri: Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir

H.Məmişov qeyd edib ki, mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının bu istiqamətdə tapşırıqları var.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. İndeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.
H.Məmişov qeyd edib ki, mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının bu istiqamətdə tapşırıqları var.
Qeyd edək ki, gələn ilin əvvəlində Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq. Qanunvericiliyə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur.
2019-cu ildən indiyədək 640 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub
Əlavə edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir. Ümumilikdə ötən dövrdə 640 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində isə 140 minə yaxın pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.