SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dünya həbsxanasına çevrilən ABŞ din azadlığını necə hesablayır?

Millət vəkili bildirir ki, bu cür hesabatlar ABŞ-ın müxtəlif regionlarda geosiyasi maraqlarını həyata keçirməsi üçün təzyiq vasitəsinə çevrilib.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. "ABŞ Dövlət Departamenti 1998-ci ildən bəri ayrı-ayrı ölkələrdə dini azadlıqların vəziyyəti ilə bağlı hesabatlar dərc edir və bir çox hallarda bu məsələdə özünü hakimi mütləq kimi aparır". Bunu Sputnik Azərbaycan-a ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı hesabatını şərh edən millət vəkili Elman Nəsirov deyib.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar komissiyası özünün 2023-cü il üzrə İllik Hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulduğu və ya buna dözümlü yanaşmayan Xüsusi Nəzarət Siyahısına daxil etməyi tövsiyə edib.
Millət vəkili bildirir ki, bu cür hesabatlar ABŞ-ın müxtəlif regionlarda geosiyasi maraqlarını həyata keçirməsi üçün təzyiq vasitəsinə çevrilib:
"Bu baxımdan yeni dərc olunmuş hesabatı və orada Azərbaycanla bağlı yer almış məqamları istisna etmək olmaz. Dövlət Departamentinin bu hesabatının Azərbaycanla bağlı hissəsi tamamilə qərəzlidir, yalan və iftira ilə doludur".
Azərbaycanda şiələr və sünnilərin vəhdət namazı qılmasına diqqət çəkən Elman Nəsirov deyib ki, Azərbaycan çoxkonfenssiyalı dövlətdir, onun tərkibindəki bütün etnoslar və konfessiyalar bir ailə kimi yaşayırlar:
"Azərbaycan dünyaya təkcə neft, qaz ixrac etmir. Bizim ölkəmiz dünyaya həm də birgə yaşayış mədəniyyəti, multikultural dəyərlər ixrac edir. Azərbaycan lideri də multikulturalizmin iflasa uğradığını deyən Qərb liderlərinə ölkəmizin multikulturalizmin mərkəzi olduğunu bildirdi. Multikulturalizmin əksi islamafobiya, milli və dini ədavətlərin ortaya çıxması və ksenofobiyadır".
Millət vəkili hesab edir ki, bu cür hesabatların ortaya çıxması həm də Cənubi Qafqazda gedən proseslərlə bağlıdır:
"Azərbaycan 44 günlük savaşdan qalib çıxıb, işğal altında qalmış torpaqlarını azad etdi. Ardınca 3 il sonra suveren ərazilərimizdə yuva salmış terrorçu, separatçı xuntaçıları təslim olmağa məcbur etdi. Bütün bu addımlar ABŞ-ı qane edə bilməzdi. Bu hesabatın qərəzli olduğunu deməyə əsas verən sadəcə detallardan biri də onu hazırlayanın etnik erməni olmasıdır. Niyəsə belə hesabatları hazırlayanlar bizim dini, mədəni abidələrimizin 30 illik işğal ərzində məruz qaldığı vandallığı görmək istəmir. Halbuki işğal dövründə Azərbaycanın 65 məscidi yerlə yeksan edilib, 2 məscid isə yarasız hala salınıb. İşğal dövründə bizim müqəddəs məkanlarımız təhqirlərə məruz qalıb".
Elman Nəsirov nasist Almaniyasının törətdiyi cinayətlərlə erməni vandalizmi arasında da paralellər aparıb. O, xristian Avropa ölkələrini işğal edən nasist Almaniyasının kilsələrdə it saxlamasını, ermənilərin Azərbaycan məscidlərində donuz saxlaması ilə qarşılaşdırıb.
Millət vəkili həm də Çin Xalq Respublikasının ABŞ-da insan haqlarının və dini azadlıqların vəziyyətinə dair 2022-ci ildə dərc olunmuş hesabatını xatırladıb:
"Çin hökumətinin hesabatı göstərir ki, 21-ci əsrdə ABŞ ayrı-ayrı dövlətlərdə terrorizmlə mübarizə adı altında 85 hərbi əməliyyat icra edib. Nəticədə 923 min nəfər qətlə yetirilib, 38 milyon insan qaçqın vəziyyətinə düşüb. ABŞ insan haqlarından danışır, amma bu ölkədə 2022-ci il ərzində polis zorakılığı nəticəsində 1239 nəfər qətlə yetirilib. İl ərzində cəmi on gün polis heç kəsə güllə atmayıb. ABŞ bu gün dünya həbsxanasına çevrilib. Bu ölkədə 1 milyon 200 min məhbus var. ABŞ əhalisi dünya əhalisinin 5 faizə qədərini təşkil edir. Dünyada mülki şəxslərdə olan silahların 46 faizi də bu ölkənin payına düşür. İl ərzində təkcə 43 min nəfər bu ölkədə güllələnmə nəticəsində həyatını itirib, 37 min insan isə yaralanıb. 2022-ci ildə ABŞ-da 1005 dəfə məhz dini zəmində toqquşma ilə bağlı Federal Təhqiqatlar Bürosuna müraciətlər olub. Burada həm yəhudilərə, həm müsəlmanlara münasibətdə qərəzlə bağlı faktlar qeydə alınıb. Müsəlmanlara qarşı əsas hücumlar Los-Anceles, San-Fransiskoda, Klivlenddə, Çikaqo və digər şəhərlərdə baş verib. ABŞ Azərbaycanla bağlı yalanlarla dolu hesabat yayarkən həm də güzgüdə özünə baxsın"