BAKI, 9 yanvar — Sputnik. BRİKS genişləndikdən sonra qlobal idarəetmə sisteminin ədalətli və ağlabatan istiqamətdə inkişafına töhfə verəcək.
Bunu çərşənbə axşamı Çinin xarici işlər naziri Van İ bildirib.
Ötən ilin avqustunda Cənubi Afrikada keçirilən BRİKS sammitində Prezident Siril Ramafosa təşkilatın üzvlərinin Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-ni BRİKS-in tamhüquqlu üzvü olmağa dəvət etmək qərarına gəldiyini bildirib. Argentina daha sonra birləşmədə iştirakdan imtina edib. Yeni ölkələrin bu təşkilatda tam iştirakı 2024-cü il yanvarın 1-dən başlayıb. Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkovun Yohannesburqda keçirilən sammitin yekunları üzrə bəyan etdiyi kimi, BRİKS-ə qoşulmaq istəyən dövlət assosiasiyaya üzv olan ölkələrə qarşı sanksiyalar tətbiq etməməlidir.
Van İ 2023-cü ildə beynəlxalq vəziyyət və Çin diplomatiyası mövzusunda seminarda çıxışı zamanı deyib: "BRİKS, genişlənmədən sonra, şübhəsiz ki, qlobal idarəetmə sisteminin ədalətli və ağlabatan istiqamətdə inkişafına daha effektiv kömək edəcək".
Onun sözlərinə görə, assosiasiyanın genişlənməsi Qlobal Cənubun beynəlxalq məsələlərdə təmsilçiliyini və səsini artıracaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, BRİKS-ə qoşulan bütün ölkələr çoxqütblü dünyanın formalaşdırılması konsepsiyasını dəstəkləyirlər, çünki onlar "hansısa suverendə ikinci rolda olmaq" istəmirlər.
Rusiya Təhlükəsizlik Şurası, həmçinin BRİKS-in genişlənməsini "qərblilərə, heç də sərf etməyən" obyektiv tendensiya adlandırıb.