BAKI, 9 yanvar — Sputnik. Tayvan ətrafındakı mümkün hərbi münaqişə dünyaya təxminən 10 trilyon dollara başa gələ bilər ki, bu da Ukraynadakı münaqişənin, koronavirus pandemiyasının və qlobal maliyyə böhranının nəticələrini üstələyə bilər.
Bu barədə Rusiya mediası "Bloomberg"ə istinadən xəbər verib.
"Tayvan uğrunda müharibə çox böyük qanlı və maddi xərclərə başa gələcək. "Bloomberg Economics" münaqişənin dəyərini təqribən 10 trilyon dollar dəyərində qiymətləndirir", - nəşrin məlumatında deyilir.
Agentlik hadisələrin inkişafı üçün iki mümkün ssenarini modelləşdirib. Bunlardan birincisi, ABŞ-ın münaqişəyə cəlb edilməsi ilə Tayvana qarşı Çin əməliyyatı nəticəsində münaqişənin ilk ilində planetin iqtisadiyyatı ÜDM-in 10,2%-ni itirə bilər. İkinci ssenari isə adanın dünya ticarətindən kəsiləcəyi Tayvanın blokadasıdır ki, bu da münaqişənin birinci ili ərzində dünya iqtisadiyyatının ÜDM-in təxminən 5%-ni itirməsinə gətirib çıxaracaq.
Tayvanda prezident və parlament seçkiləri 2024-cü ilin yanvarında keçiriləcək. Yerli sakinlərin necə səs verməsi təkcə onların gələcəyini deyil, həm də ABŞ və Çin arasındakı qarşıdurmanı müəyyən edəcək: Tayvan məsələsi iki güc arasındakı münasibətlərin əsas problemlərindən biri olaraq qalır.
Çin lideri Si Cinpin dəfələrlə Tayvan məsələsinin Çin-Amerika münasibətlərində həmişə "ən vacib və həssas məsələ" olduğunu vurğulayıb. Çin liderinin sözlərinə görə, ABŞ Tayvana silah tədarükünü dayandırmalı və materik Çinin ada ilə qaçılmaz sülh yolu ilə birləşməsini dəstəkləməlidir.