BAKI, 9 yanvar — Sputnik. Birləşmiş Ştatlar Rusiyanın suveren aktivlərinin Ukraynaya təhvil verilməsi üçün müsadirə edilməsinin mümkünlüyü barədə hələ qərar qəbul etməyib, lakin G7 çərçivəsində mümkün variantların işlənib hazırlanmasında iştirak edir.
Bunu ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib.
"G7 liderləri bu variantları araşdırmağı və məsələnin mahiyyətini öyrənməyi, həmçinin mövcud riskləri qiymətləndirməyi xahiş ediblər", - deyə "Bloomberg" onun sözlərini sitat gətirib.
Yellen əlavə edib ki, "bu günə qədər heç bir qərar verilməyib". ABŞ Maliyyə nazirliyinin rəhbəri qeyd edib ki, o, ABŞ valyutasının beynəlxalq rolu üçün potensial risklərin qiymətləndirilməsini və onların azaldılması üçün tədbirlərin görülüb-görülməyəcəyini görmək istərdi.
Daha əvvəl Vladimir Zelenski X sosial şəbəkəsində Qərbdə dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə çağırmış və bunu "doğru siqnal" kimi qələmə vermişdı.
Qeyd edək ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın, təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının, demək olar ki, yarısını dondurub. Təxminən 200 milyard avro Aİ-də, əsasən dünyanın ən böyük hesablaşma və klirinq sistemlərindən biri olan Belçika Euroclear-ın hesablarındadır. Oktyabrın sonunda Euroclear beynəlxalq depozitari 2023-cü ilin doqquz ayı ərzində sanksiyaya məruz qalmış Rusiya aktivlərinə investisiya etməkdən, təxminən 3 milyard avro faiz qazandığını bildirib.
Kreml bəyan edib ki, bu cür qərarların qəbulu "beynəlxalq hüququn bütün qayda və normalarını pozmaq üçün növbəti addım olacaq". Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandırıb və qeyd edib ki, Aİ təkcə fərdi şəxslərin vəsaitlərini deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəfə alıb.
Daha əvvəl maliyyə naziri Anton Siluanov bəyan etmişdi ki, 2022-ci ildən bəri dost olmayan Qərb ölkələri Rusiyaya, onun vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq edir, Aİ və digər Qərb ölkələri isə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün hüquqi şəraitin yaradılması üzərində fəal işləyirlər. Bundan əlavə, Rusiya şirkətlərinin törəmə strukturlarına münasibətdə xarici idarəetmə tətbiq olunur, Rusiya hüquqi və fiziki şəxslərinin mülkiyyət hüquqları qanunsuz olaraq məhrum edilir və ya məhdudlaşdırılır.