BAKI, 8 yanvar — Sputnik. Neft qiymətləri yanvarın 8-i günortadan sonra Səudiyyə Aramco-nun Asiya, ABŞ və Avropadakı müştəriləri üçün qiymətləri azaltması xəbərindən sonra nəzərəçarpacaq dərəcədə azalıb.
Bakı vaxtı ilə saat 15.31-ə olan məlumata görə, Brent markalı neftin mart fyuçerslərinin qiyməti 2,58% azalaraq bir barel üçün 76,73 dollara, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 2,83% azalaraq 71,72 dollara düşüb.
Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti Saudi Aramco, Asiya alıcıları üçün fevral ayı neft qiymətlərini 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə endirib. Şirkət həmçinin ABŞ və Avropadan olan müştərilər üçün qiymətləri aşağı salıb.
Treyderlər həmçinin neft tədarükü üçün potensial riskləri qiymətləndirərək Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Analitiklər bildirirlər ki, eskalasiyanın olmaması əmtəə qiymətlərində yaranan artımı cilovlayacaq.