ABŞ səfirliyi Lui Bononun Ermənistan səfərinə aydınlıq gətirib

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Ararat Mirzoyan və Armen Qriqoryanla görüşüb.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləmək üçün tərəflərlə müntəzəm danışıq aparır.
Bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji APA-ya bildirib.
Səfirlik rəsmisi xatırladıb ki, Qafqaz danışıqları üzrə baş məsləhətçi cənab Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfərlər edir.
"Cənab Bono sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda bir neçə əsas maraqlı tərəflərlə müntəzəm olaraq danışıqlar keçirir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi bu gün Ermənistanda bir sıra yüksək səviyyəli görüşlər keçirib.
Görüşlərin əsas mövzusu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi olub.
Lui Bono Yerevanda Azərbaycanla münasibətlərin normallaşdırılmasını müzakirə edib
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını Yerevanda xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.
Qeyd edək ki, bundan əvvəl Bono Ermənistan paytaxtında Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilib.
Ötən həftə Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda yeni görüşünün tarixinin hələ müəyyən edilmədiyini bildirib. Nazirlərin görüşü hələ ötən ilin dekabrında elan edilmişdi.
***
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə İrəvan və Bakı arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə edib.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, İrəvanda keçirilən görüşdə tərəflər əldə olunan razılaşmalara toxunublar.
Armen Qriqoryan Ermənistanın regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini ifadə edib.
Xatırladaq ki, ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono Ermənistana sonuncu dəfə 2023-cü ilin noyabrında səfər edib.