BAKI, 8 yanvar - Sputnik. Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) dəfn olunub.
Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində A.Bəylərin ailə üzvləri, sənət adamları iştirak ediblər.
***
Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.
Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vidaya mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları qatılıblar.
Çıxış edənlər Əməkdar artistlə bağlı xatirələrini bölüşüblər.
Bəstəkar Cavanşir Quliyev A.Bəylərin sənətə gəlməsindən danışıb. O deyib ki, A.Bəylərin ifasını qiymətləndirmək üçün ilk dəfə "Qaragilə" mahnısını oxumağını istəyib:
"Birinci görüşümüzdə dedi ki, mahnı oxumaq istəyirəm. Mən də həmişə müğənniləri "Qaragilə" mahnısı ilə yoxlayıram. Dedim, oxuya bilərsənmi? Cavab verdi ki, sözlərini yaxşı bilmirəm. Sözləri yazıb verdim, oxudu. Elə oxudu ki, dedim sənə kim deyib ki, oxuya bilmirsən? Beləcə Aygünün müğənnilik həyatı başladı".
Xalq artisti Həmidə Ömərova mərhum Əməkdar artistin son konsertində iştirak etdiyini söyləyib:
"Aygün Bəylər çox sevincli idi. Elə bil ki, birinci dəfə oxuyurdu. O konserti çox böyük ustalıqla verdi. Biz onu çox sevirdik və hər zaman da sevəcəyik".
Bacısı Zümrüd Hümmətova A.Bəylərin müalicəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkür edib.
Hazırda mərhumun nəşi dəfn edilmək üçün Suraxanı kənd qəbiristanlığına aparılır (Report).
***
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.
Əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib.
Əklil mərhumun məzarının üzərinə qoyulacaq.
***
Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər.
Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.
Əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.
07.01.24
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
06.01.24 - 21:31
Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.
"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.