CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Komitəsi ABŞ-ın Azərbaycana aid hesabatı ilə bağlı bəyanat yayıb

Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi barədə bəyanat yayıb.
Bəyanatda deyilir:
"ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də, ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir.
2013-cü ildən bəri BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Azərbaycanın Dövlət Katibi tərəfindən "xüsusi izləmə siyahısı"na daxil olan ölkələr kimi təyin edilməsini Dövlət Departamentinə tövsiyə etmiş, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yaymışdır. Dövlət Komitəsi olaraq dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz müxtəlif səviyyələrdə diqqətə çatdırılıb. Habelə rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin doğru olmadığı və qərəzliliyi maddə-maddə onların diqqətinə çatdırılaraq etiraz ifadə edilmişdir. Eyni zamanda Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yaymış, Komissiyaya göndərmiş, o cümlədən müxtəlif din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar vermişlər.
ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən "nöqsanlar" ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir.
Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir.
Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sözdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq, müsəlman abidələrinə qarşı törədilmiş vandalizmə münasibətdə isə dözümlü yanaşma sezilir. Eyni zamanda Komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları vardır.
Abidələrlə bağlı sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarixi-mədəni və dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim etmişdir.
Bildiyiniz kimi, 2020-ci ildə 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılmışdır. Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə yararsız vəziyyətdə, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi də qısmən yararlı olub ki, onu da dünyaya özlərini "tolerant" göstərmək məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması niyyətini müşahidə etməmişik. Buna baxmayaraq, Azərbaycan Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsini, hətta oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxlamışdır.
Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən "mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi" məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmamışdır.
Eyni zamanda, Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir. Komissiyanın heyətinə qərəzli erməni əməkdaşın cəlb edilməsi onun mahiyyətini bir daha sübut edir.
Reallıqda Azərbaycanda dini vəziyyət...
Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən etibarən bəzi xarici dairələr ölkəmizdə radikal və ekstremist dini ideyaların daşıyıcıları olan qrupların yaradılmasında maraqlı olublar. Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir, islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir. Bildiyiniz kimi hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər edərkən mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər edir, onları dinləyirlər.
Eyni zamanda, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdəki dini abidələr xüsusi nəzarətə götürülmüşdür. İstisnasız olaraq, həmin ərazilərdə yerləşən dini ibadət ocaqlarının bərpası üçün göstəriş verilmişdir. Artıq Şuşada dağıdılmış bəzi məscidlər, kilsələr bərpa edilmişdir. Şuşada Yuxarı Gövhərağa məscidinə din xadimi təyin edilmişdir.
Həmçinin bildirməliyik ki, neçə illərdir din xadimlərinə dövlət tərəfindən maddi yardımlar olunur. Onların sosial layihələri maliyyələşdirilir. Onlarla birgə tolerantlığı, birgəyaşayışı əks etdirən konfranslar və s. tədbirlər təşkil edilir. Ötən ildə Bakı şəhəri "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icması və digər qeyri-islam dini icmaları tərəfindən Azərbaycanda fəaliyyətdə olan dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Quba, İsmayıllı, Kəlbəcər və s. rayonlara səfərlər təşkil olunub. Belə səfərlər icmalar arasında dostluq və mehribanlıq münasibətlərini möhkəmləndirir.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində, dünyaya yayılmasında mühüm işlər görülür. Xatırladırıq ki, bu məqsədlə Dövlət Komitəsi tərəfindən təkcə 2022-ci ildə ABŞ-də - Vaşinqtonda "Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya" və Belçikada - Brüssel şəhərində "Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərası dialoqun təşviqi" adlı konfranslar təşkil olunub. Beynəlxalq institutlarla, o cümlədən ABŞ-nin adıçəkilən təşkilatı ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, onların rəhbərləri və mütəxəssisləri ilə müxtəlif səviyyələrdə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
Beləliklə, Dövlət Departamenti hər il sözügedən hesabatlar əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağlı açıqlamalar verir. Qeyd edək ki, Kommissiyanın 10 il ərzində tövsiyələrinə baxmayaraq, 04.01.2024-cü il tarixinədək Departament tərəfindən ölkəmiz "xüsusi izləmə siyahısı"na daxil olan ölkə kimi müəyyən edilməmişdir (Azərbaycan ilə yanaşı Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da sözügedən "siyahı"da olan ölkə kimi təyin edilmişdir).
Hesab edirik ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Dini baxımdan "nəzarətə götürülməli" olan ölkələrdən biri Ermənistan və ABŞ-dir. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik Ermənistanda ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində 20 faiz ərazimizi işğal altında saxladığı zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına daxil etmək qərəzli yanaşmadır.
Elə ABŞ-nin özündə də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də, 2022-ci ildə 6720 müsəlman dini ayrı-seçkiliyə məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.
Beləliklə, Komissiya və Dövlət Departamentinin müsəlman abidələrinə qarşı edilmiş vandalizmi görməzdən gələrək Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdi yolverilməzdir. Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirir.
Fürsətdən istifadə edərək Dövlət Departamentinə regionda yaranmış yeni reallıqlardan çıxış edərək Azərbaycana qarşı qarayaxma aparan ermənipərəst qüvvələrin dəyirmanına su tökməməyi, ikili standartlardan uzaq olmağı və beynəlxalq hüquq normalarına uyğun addımlar atmağı tövsiyə edirik".