VİDEO

"Bu səsi heç vaxt unutmayacağıq": Aygün Bəyləri son mənzilinə necə yola saldılar?

Bu gün Bakıda Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilib. Əməkdar artistin dostları onun ölümü ilə bağlı öz fikirlərini bölüşüblər. Ətraflı videomuzu izləyə bilərsiniz.
Sputnik
Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vida mərasiminə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları qatılıblar.
Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Aygün Bəylər yanvarın 7-də Türkiyənin paytaxtı Ankara şəhərində xərçəng xəstəliyindən vəfat edib.
O, 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.