CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərdən nə qədər utilizasiya haqqı alınacaq? 400-700 manat rüsumlar var

Eldəniz Cəfərov bildirib ki, hazırda daxildə dövriyyədə olan avtomobillər üçün isə texniki baxış zamanı nə qədər utilizasiya rüsumu alınacağı açıqlanmır.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Belə ki, "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat"da dəyişiklik edilib. Daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb.
Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Bəs görəsən avtomobil sahiblərindən nə qədər utilizasiya haqqı alınacaq?
Azərbaycana idxal olunan avtomobillərdən istehsal ilinə görə 400-700 manat məbləğində utilizasiya haqqı alınacaq. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib. O, deyib ki, ölkəmizə idxal olunan və istehsal tarixi dörd ildən çox olan avtomobillər üçün utilizasiya haqqı təyin edilib.
"Bu rüsum gələn ilin fevral ayının 1-dən tətbiq ediləcək. Ölkəmizə idxal olunan, yaşı dörd ildən çox olan avtomobillərə görə 400 manat, yaşı yeddi ildən çox olan avtomobillərə görə isə 700 manat utilizasiya haqqı alınması nəzərdə tutulub" - deyə ekspert bildirib.
E.Cəfərov qeyd edib ki, hazırda daxildə dövriyyədə olan avtomobillər üçün texniki baxış zamanı nə qədər utilizasiya haqqı alınacağı açıqlanmır:
"Hələki bu barədə məlumat açıqlanmayıb. Yeni avtomobillərə isə utilizasiya haqqı tələb olunmur. Ödəniləcək utilizasiya haqları yeni yaradılacaq Utilizasiya Fonduna toplanacaq. Gələcəkdə köhnə avtomobillərin utilizasiyası zamanı həmin Fonda toplanan vəsaitdən xərclənməsi nəzərdə tutulur".
Utilizasiya haqqı DİN tərəfindən müəyyənləşməyəcək!
Baş Dövlət Yol Polisi İdarəsinindən (BDYPİ) isə Sputnik Azərbaycan-a bildirildi ki, gələn ildən texniki baxışdan keçən avtomobillərə utilizasiya haqqının tətbiq edilməsi "Utilizasiya Proqramı"na əsasən həyata keçiriləcək. Belə ki, bu proqram çərçivəsində aidiyyatı qurumların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu tələbdən irəli gələrək isə DİN tərəfindən "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat"a müvafiq dəyişiklik edib. Həmçinin "İstehsalat və məişət tullantıları haqqında"haqqında qanuna edilmiş son dəyişikliklə "Utilizasiya Fondu"nun yaradılması və utilizasiya haqqı nəzərdə tutulub. Bununla bağlı nəzərdə tutulan məsələlərin həlli, eləcə də utilizasiya haqqı Nazirlər Kabineti tərəfindən müəyyənləşəcək.
Mövzu ilə bağlı apardığımız araşdırmanın nəticələrinə görə, avtomobillərə utilizasiya haqqının tətbiqi DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə deyil, "İstehsalat və məişət tullantıları haqqında" qanuna edilmiş son dəyişiklik, eləcə də qəbul edilmiş "Utilizasiya Proqramı" nın tələbidir.
Avtomobillərin köhnə olması qəzaların ağırlıq dərəcəsinə təsir edir
Xatıraladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, ölkəmizdə 1 milyon 700 mindən çox avtomobil qeydiyyata alınıb ki, onların mütləq əksəriyyəti köhnə avtomobillərdir. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycandakı avtomobillərin cəmi iki faizinin yaşı iki ildən azdır. Avtomobillərin daha üç faizinin istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş ildən 10 ilədək olan avtomobillərin toplam saydakı payı 11.9 faizdir. İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi qədərdir.
Azərbaycanda avtomobil parkının köhnə olması isə avtomobil yollarında baş verən yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə təsir edir. Bu baxımdan avtomobil parkının yenilənməsi çox vacib hesab olunur.
Məlumat üçün onu da əlavə edək ki, Nazirlər Kabinetinin bu ilin martında qəbul etdiyi qərara əsasən, istismar müddəti 10 ili aşan avtomobillərin ölkəyə idxalı yasaqlanıb. Həmin qərar da daxili bazarda istifadə edilən və istismar müddəti 10 ili aşan avtomobilləri bahalandırmışdı, axı artıq ölkəyə bu tip avtomobillər gətirmək mümkün deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.