"Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər".
"Azərbaycana müxtəlif hücumlar təşkil edilir, ölkəmiz dinlərarası münasibətlərdə, dövlətlə din arasındakı münasibətlərdə problemin olmasında ittiham olunur. Lakin keçmişdə, həmçinin bir il əvvəl Azərbaycanın dini liderləri ABŞ, Avropa və digər regionların ən mötəbər beynəlxalq platformalarına dəvət olunurdu, orada ölkəmiz haqqında ən tərifli çıxışlar edilirdi, bizdən unikal təcrübəmizi bölüşmək xahiş olunurdu. Amma təəssüflər olsun ki, indi həmin adamlar xüsusi tolerantlıq, sülhsevərlik və dözümlülük ruhu ilə seçilən Azərbaycanı ləkələməyə çalışırlar”.