BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, "Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub.
"Güzəştlər mikrosahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı, növbəti 3 ildə qüvvədə olacaq. Qeyd edək ki, bu güzəştlər sözügedən məcəllənin "Azadolmalar və güzəştlər" adlı 106-cı maddəsinə daxil edilib.
Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara reinvestisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.
Bütün bunlarla yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədəuyğundur. Xüsusən kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək", - deyə o bildirib.
Qeyd edək ki, Vergi Məcəlləsində son dəyişikliklə Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.
Əlavə edək ki, 2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti tətbiq olunmayacaq. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Dəyişikliyə görə isə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.