BAKI, 7 yanvar — Sputnik. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələr genişlənir. Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla yanaşı, ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün bu bazar vacib əhəmiyyət daşıyır.
2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində də artım müşahidə edilir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3,9 milyard dollar təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur. 11 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin 8,35 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 11 ayda Azərbaycandan Rusiyaya 1 milyard dollardan çox məhsul ixrac (artım 26,1 faiz) edilib. Rusiyadan Azərbaycana isə 2,8 milyard dollarlıq məhsul idxal (artım 19,3 faiz) edilib.
"Rusiya ənənəvi tərəfdaşlarla əlaqələrini genişləndirir"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya ənənəvi tərəfdaşlarla əlaqələrini genişləndirir və ya yeni tərəfdaşlar axtarır:
"Bu da postsovet ölkələrinə öz təsirini göstərir və ticarət dövriyyəsində müsbət nəticələr müşahidə edilir".
O qeyd edib ki, digər tərəfdən, Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi nəticədə qarşılıqlı ticarətə və eyni zamanda qarşılıqlı investisiyanın həyata keçirilməsinə müsbət təsir göstərir:
"Xüsusilə Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda dinamikanın artdığını müşahidə edirik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiyaların genişlənməsi də Azərbaycan iqtisadiyyatının canlanması baxımından Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin artımına öz müsbət təsirini göstərir".
"Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, son illər Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artmaqdadır:
"Hətta Rusiya-Ukrayna münaqişəsindən əvvəl də biz həm ticarət dövriyyəmizdə həm də iqtisadi əlaqələrimizdə genişlənmə müşahidə edirdik. Son dövrlərdə Azərbaycanın Rusiyaya ixracında artımlar qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 30 faizindən çoxu Rusiyanın payına düşür".
O diqqətə çatdırıb ki, digər tərəfdən, Azərbaycan Rusiyadan idxalı artırıb: "Çünki Rusiyada istehsal olunan bir sıra ərzaq və sənaye məhsullarına Azərbaycanda tələb artıb. Bu da idxalın həcminə təsir göstərib. İkinci səbəb regionda müşahidə edilən inflyasiyadır. Çünki ticarət dövriyyəsinə inflyasiyanın yəni, istehlak bazarındakı qiymətlərin təsiri var. Əvvəlki illərdə nisbətən ucuz qiymətə idxal və ixrac edilən məhsullar inflyasiya nəticəsində indi nisbətən yüksək qiymətə idxal və ixrac olunur. Bu da ümumi ticarət dövriyyəsinin dəyərinə təsir göstərir".
"İki ölkə arasında ticarət dövriyyəsinin artması bir daha təsdiq edir ki, ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi müşahidə olunur",- deyə V.Bayramov əlavə edib.
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk 2023-cü ildə Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik".
2023-cü il Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişafının müzakirəsi, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında Rusiya və Azərbaycan birgə müəssisəsinin açılışı, "Rusiya-Azərbaycan tarla günü"nün keçirilməsi, Rusiya şirkətlərinin Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və digər mühüm hadisələr ilə yadda qalıb.
Geridə qoyduğumuz ildə Azərbaycan ilə Rusiya arasında baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq:
Azərbaycan-Rusiyanın gömrük orqanları arasında qarşılıqlı fəaliyyət haqqında Saziş təsdiq edilib
2023-cü il oktyabrın 31-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş" təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.
Rusiya ilə iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdə olub. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının başcısı (rəisi) Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.
Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq İT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, "Ağıllı şəhər" konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də "Alabuqa" sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.
İqtisadiyyat naziri Dağıstan Respublikası Hökumətinin sədri ilə görüşüb
Azərbaycana səfəri çərçivəsində Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Rusiya Federasiyası, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır.
Mikayıl Cabbarov Dağıstan hökumətinin sədri ilə görüşüb
© Photo : Ministry of Economy (Azerbaijan)
Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Rusiya Federasiyasının digər regionları kimi, Dağıstanın da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini vurğulayıb, biznes dairələri arasında əlaqələrin inkişafının və birgə layihələrin icrasının iqtisadi potensialın daha geniş reallaşdırılmasında önəmini qeyd edib. Tərəflər ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan-Rusiya regionlararası əlaqələrin inkişafı müzakirə olunub
İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib. Bildirilib ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş torpaqlarımızın geniş potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyası ilə tərəfdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Rusiya investorları, həmçinin, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər. Nəqliyyat əlaqələrinin səmərəliliyin yüksəldilməsinin ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi rolunu vurğulayan iqtisadiyyat naziri bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Ruslan Edelgeriyev Rusiya Federasiyasının Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini, özəl sektorun fəallığının artırılmasının qarşılıqlı faydalı inkişafda rolunu qeyd edib, iqtisadi potensialın reallaşdırılmasına dair fikirlərini bölüşüb. Rusiyanın Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirliyinin, Ticarət Nümayəndəliyinin, Çeçenistan Respublikasının "Birincilərin hərəkatı" Ümumrusiya Dövlət Uşaq və Gənclər ictimai hərəkatının regional şurasının təmsilçilərinin də iştirak etdiyi görüşdə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər, həmçinin, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın diversifikasiyasına, qarşılıqlı ticarətin həcmindəki dinamizmin qorunub saxlanılması üçün görüləcək işlərə, regionlararası, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti Tatarıstanda səfərdədir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında səfərdə olub.
Səfər çərçivəsində iqtisadiyyat naziri Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və investisiya imkanları barədə məlumat verilib, enerji, maşınqayırma və sənayenin digər sektorlarında əməkdaşlıq və qarşılıqlı maraq doğuran perspektiv layihələr barədə müzakirələr aparılıb. Tatarıstan şirkətləri əməkdaşlıq təkliflərinə dair təqdimat keçiriblər.
Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb
© Photo : Ministry of Economy (Azerbaijan)
Azərbaycan nümayəndə heyəti Tatarıstanın İnnopolis Xüsusi İqtisadi Zonasında (XİZ) müəssisələrin fəaliyyəti ilə tanış olub. XİZ-də təhsil və iqtisadiyyat sektorları arasında qurulmuş uğurlu sinerji və rezidentlər tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal edilən innovasiya əsaslı məhsullar və texnoloji yeniliklər barədə məlumat verilib. XİZ-ə səfər çərçivəsində həmçinin, Azərbaycanın sənaye zonalarındakı biznes subyektləri ilə əməkdaşlıq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Tatarıstanın İnnopolis Universitetində olan Azərbaycan nümayəndə heyətinə təhsil müəssisəsinin tədris proqramları, iqtisadiyyatın müxtəlif sektorları üzrə həyata keçirilən elmi-texniki yeniliklər barədə məlumat verilib.
Kazanda yerləşən Ximqrad Texnopolisini ziyarət edən nümayəndə heyətinə Texnopolisin fəaliyyəti, əsasən kimya sənayesində kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlar barədə məlumat verilib. Rezidentlər tərəfindən istehsal edilən kimya, əczaçılıq, polimer və s. sənaye məhsullarının, maşın və avadanlıqların təqdimatı keçirilib. Texnopolisdə fəaliyyət göstərən müəssisələrlə Azərbaycanın sənaye parklarının rezidentləri arasında tərəfdaşlıq və müştərək layihələrin icrası imkanları nəzərdən keçirilib.
Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb
Kazanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
Tədbirdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri müvafiq qurumlar arasında institusional əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı diqqətə çatdırıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edən Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko Tatarıstan şirkətlərinin Azərbaycanın biznes dairələri ilə əməkdaşlıq üçün real təkliflərinin olduğunu və bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini ifadə edib.
Tərəflər həmçinin, iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 3-cü iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə rəqəmsal iqtisadiyyat, elm, təhsil, gənclər, idman mədəni-humanitar, sosial və turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın "Ximqrad" Texnopolisinin "İnnovativ Sənaye Parkı - Yüksək Texnologiyalar sahəsində Texnopark"ı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Tatarıstan-Azərbaycan biznes forumu keçirilib
Kazanda Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, İKT, maliyyə və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri qatılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın sənaye zonalarında və qabaqcıl müəssisələrində tətbiq edilən müasir texnologiyaları (nou-hau) yüksək qiymətləndirib, Azərbaycan və Tatarıstan iqtisadiyyatlarının bir sıra oxşar xüsusiyyətlərə sahib olduğundan bu istiqamətdə uğurlu əməkdaşlıq qurulmasının vacibliyini bildirib. Belə ki, Azərbaycanda yaradılmış münbit investisiya mühiti və ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Tatarıstan sahibkarlarına geniş perspektivlər vəd edir.
Tatarıstan-Azərbaycan biznes forumu
© Photo : KOBİA
Tatarıstan sahibkarlarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirən Oleq Korobçenko işgüzar tədbirlərin sahibkarlar arasında əlaqələrin qurulması və mövcud bağların səmərəliliyinin artırılmasında əvəzsiz rol oynadığını qeyd edib.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyinin rəhbərinin birinci müavini İnsaf Vəliyev, Tatarıstanın Ticarət və Sənaye Palatası Şurasının İdarə heyətinin sədri Şamil Aqeyev çıxışlarında iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.
Tədbirdə Tatarıstan və Azərbaycanda yaradılmış imkanlar, dəstək mexanizmləri və biznes təşəbbüsləri sahibkarların diqqətinə çatdırılıb, iştirakçı şirkətlər arasında B2B formatda görüşlər keçirilib.
Bakıda "Sabantuy 2023" tədbiri keçirilib
Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sabantuy 2023" tədbirində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.
Tatarıstan nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
"Sabantuy 2023" tədbirinin açılışında çıxış edən Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qeyd edib ki, Sabantuy bayramının tatarların yaşadığı bir çox ölkələrdə, eləcə də Azərbaycanda keçirilməsinin xalqlar arasında dostluq və əməkdaşlıq tellərini gücləndirir. Vurğulanıb ki, əsrlər boyu etnik tatarlar və azərbaycanlılar ortaq dəyərlərə, dini və mədəni köklərə əsaslanan sıx, qardaşlıq münasibətlərini qoruyub saxlayıblar. Tatarlar Azərbaycanda rahat yaşayır, dövlətlərimiz də, öz növbəsində xalqlarımız arasındakı bu sıx əlaqələrə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına böyük əhəmiyyət verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tatarıstan əməkdaşlığının inkişafında ulu öndər Heydər Əliyevin və Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin əvəzsiz xidmətlərini qeyd edib. Nazir bildirib ki, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti, xarici investorlar, o cümlədən Tatarıstan sahibkarları üçün geniş perspektivlər vəd edir. İşğaldan azad olunmuş ərazilərimizin bərpasında da Rusiya şirkətləri fəal iştirak edir.
Qeyd edək ki, kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyətlə əlaqələndirilən "Sabantuy" tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.
Bakıda "Sabantuy" tədbiri
© Sputnik / Murad Orujov
Rusiya və Azərbaycan birgə müəssisəsinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər.
Qeyd edilib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.
Bildirilib ki, bu Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və sairin təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdəki digər mövcud sənaye parklarında olduğu kimi, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir.
Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov "Avto Lizinq Azərbaycan" MMC-nin açılışını bildirən rəmzi lenti kəsiblər. Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.
Burada, həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışı
Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.
"Tatneft" şirkətinin baş direktoru ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının "Tatneft" Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov arasında keçirilmiş görüşdə SOCAR və "Tatneft" arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib. Tərəflər ölkələrimiz arasında energetika sahəsi üzrə geniş əlaqələri vurğulayıb, tərəfdaşlığın inkişaf potensialı barədə fikir mübadiləsi aparıblar.
Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı yeni müəssisə fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb. İllik istehsal gücü 100 min m3 olan Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manatdır və istehsal olunan məhsulların 60%-nin daxili bazarda satışı, 40%-nin isə ixracı planlaşdırılır.
Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub.
Müəssisənin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb. Bildirilib ki, Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması tikinti sektorunun inkişafına və bölgədə məşğulluğun artmasına töhfə verəcək.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov yüksək səviyyəli səfərlər və keçirilən görüşlərin tərəfdaşlığın inkişafına əlverişli zəmin yaratdığını vurğulayıb, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin icrasına dair fikirlərini bölüşüb.
"Penopleks" Holdinqin baş direktoru Qeorqiy Protosenya Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitinin cəlbedici olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd edib, müəssisənin fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox şəxsin daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması, 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
"Rusiya-Azərbaycan tarla günü - 2023" keçirilib
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində "Rusiya-Azərbaycan tarla günü - 2023" keçirilib. "Rusiya-Azərbaycan tarla günü-2023" çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
© Photo : The Agro Services Agency under The Ministry of Agriculture
Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.
Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə "Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndisliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib.
Azərbaycan-Rusiya kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikası və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının Həştərxan vilayətinin kənd təsərrüfatı və balıqçılıq sənayesi naziri Ruslan Paşayev, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə olunduğu bildirilib.
Tədbirdə Azərbaycan və Rusiyanın Həştərxan vilayətinin kənd təsərrüfatı müəssisələri tərəfindən aqrar sahə ilə bağlı təqdimatlar keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər. Qonaqlara Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Həştərxan vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib.
Tərəflər Azərbaycanla Həştərxan vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
“Rusiya-Azərbaycan tarla günü - 2023” sərgisi
© Photo : The Agro Services Agency under The Ministry of Agriculture
Rusiyanın aqronom və mütəxəssisləri Azərbaycanda olub
Dövlət Toxum Fondunun dəvəti ilə Rusiyanın Krasnodar vilayətindən olan aqronom və mütəxəssislər Azərbaycanda səfərdə olub. Səfərdə məqsəd fermer və təsərrüfat sahibləri ilə görüşlər keçirmək, toxumluq sahələrdə düzgün aqrotexniki qulluq işləri barədə məlumat verməkdən ibarət olub.
Nümayəndə heyəti Xaçmaz və Qobustan rayonlarında əkin sahələrinə baxış keçirib. Məlumat verilib ki, son illər yerli fermer və toxumçular tərəfindən yüksək məhsuldarlıqla nəticələnən Qrom, Tanya, Alekseiç elit buğda sortları, o cümlədən Fondun təşəbbüsü ilə Dövlət Reyestrinə qeydiyyata alınmış Qomer yumşaq buğda sortundan bu il də yüksək məhsuldarlıq gözlənilir.
Rusiyalı mütəxəssislər fermerlərlə görüşündə bildiriblər ki, əkin sahələrindən səmərəli istifadə və yüksək məhsul alınması üçün ilk növbədə torpaq becərmə üsullarına diqqət yetirmək lazımdır. Ümumiyyətlə isə taxılçılıqda yüksək məhsulun alınması üçün kompleks tədbirlər vaxtı-vaxtında həyata keçirilməlidir. Belə ki, torpaq düzgün hazırlanmalı, yüksək reproduksiyalı toxumdan istifadə olunmaqla səpin vaxtında aparılmalı, səpin normasına düzgün əməl olunmalıdır.
Rusiya şirkətləri Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində...
Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") keçirilib. "Caspian Agro" sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayıb. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, Rusiya şirkətləri də yer alıb. Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunub.
Əli Əsədov rusiyalı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin ilə telefon danışığı aparıb. Bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.
Mixail Mişustin və Əli Əsədov Müstəqil Dövlətlər Birliyində və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.