BAKI, 5 yanvar — Sputnik. Rusiya istehsalı olan “Lada Niva” Böyük Britaniyada ən populyar avtomobillərdən birinə çevrilə bilər.
Bu barədə Britaniyanın “Auto Express” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, britaniyalıların əksəriyyəti ekoloji cəhətdən təmiz avtomobil növlərindənsə tam ötürücülü yolsuzluq avtomobillərinə üstünlük verirlər. Belə ki, ölkənin bəzi sakinləri “Lada Niva” üçün, təxminən 22 min funt sterlinq (təxminən 1,52 milyon rubl) ödəməyə hazırdırlar.
“Lada Niva Luxe” modeli, təxminən 21 850 funt-sterlinqə satılır. Bu, 1970-ci illərin yolsuzluq avtomobili üçün bir qədər baha ola bilər, lakin o, özü barədə çox yüksək fikir yarada və “Suzuki Jimny” və “Fiat Panda 4x4” kimi modellərlə yanaşı dayana bilər”, – deyə məqalənin müəllifi dəqiqləşdirib.
Lada Niva Luxe yolun ən çətin hissələrinin öhdəsindən gəlməyə qadirdir. İnteryerə isə qızdırılan ön oturacaq sistemi, “Audison” dinamikləri ilə “Studio InCar” stereo sistemi daxildir. Mütəxəssislər "mənfi cəhətlər" arasında 88 at gücünə malik 1,7 litrlik benzin mühərrikini vurğulayırlar ki, bu da sahibinə sürət rekordlarını yeniləməyə imkan verməyəcək.
“Bu, yəqin ki, bütün Böyük Britaniyada ən bahalı “Lada”dır, lakin o, şübhəsiz ki, hazırda ölkənin ən yaxşı avtomobillərindən biri ola bilər”, - məqalədə belə yazılıb.
Bundan əvvəl “AvtoVAZ”ın prezidenti Maksim Sokolov bildirmişdi ki, gələn il şirkət xarici bazarlara 25 mindən çox Lada avtomobili çıxarmağı planlaşdırır. Ortamüddətli perspektivdə - 2030-cu ilə qədər avtomobil istehsalçısı bu markalı avtomobillərin ixracının həcmini, tədricən 100 min ədədə çatdıracaq.