İQTİSADİYYAT

Aİİ-nin 2045-ci ilə qədər inkişafı: "beşlik" liderləri nə barədə razılığa gəliblər

Təşkilata üzv olan dövlətlərin liderləri 2045-ci ilə qədər İttifaqın özünü təmin edən, ahəngdar şəkildə inkişaf etmiş və bütün dünya ölkələri üçün cəlbedici makroregiona çevrilməsinə nail olmaq barədə razılığa gəliblər.
Sputnik
BAKI, 3 yanvar — Sputnik, Mixail Vorobyov. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderləri dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında 2030-cu ilə qədər və 2045-ci ilə qədər olan dövr üçün Aİİ çərçivəsində iqtisadi proseslərin gələcək inkişafına dair "Avrasiya İqtisadi Yolu" bəyannaməsini imzalayıblar. "Sputnik" sənəddə yazılanlara və Birlik ölkələrinin sakinlərinin nə gözləyə biləcəyini aydınlaşdırıb.
Ümumi enerji bazarı
Bəyannamədə qeyd edilib ki, 2030-cu ilə qədər yerinə yetirilməli olan vəzifələrdən biri də üzv dövlətlərin yanacaq-energetika komplekslərinin sabit inkişafı və fəaliyyətini, eləcə də qaz, neft, neft məhsulları və elektrik enerjisi üçün ümumi bazarlar əsasında dayanıqlı enerji təchizatını təmin etməkdir.
"Yəqin ki, Aİİ-nin digər üzvləri də Rusiya Federasiyası daxilindəki istehlakçılar kimi enerjini rahat alacaqlar. Eyni zamanda, Rusiya kifayət qədər böyük bazarda öz mövqeyini möhkəmləndirəcək", - deyə Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov "Sputnik"in müxbirinə bildirib.
Aİİ-yə üzv ölkələrin bayraqları
Ekspertin fikrincə, qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı planlı iş aparılmaqla, əgər bu inteqrasiyaya mane olan xarici faktorlar yoxdursa, ideyanın həyata keçirilməsi üçün son tarix kifayət qədər real görünür.
"Üzv dövlətlər arasında ziddiyyətlər ölkələrin enerji infrastrukturu, tənzimləmə bazası və qiymət mexanizmlərindəki fərqlər səbəbindən yaranır", - deyə Dövlət Duması yanında Gənclər Parlamentinin fəal üzvü Nikolay Petrov "Sputnik"in müxbiri ilə söhbətində məsələyə aydınlıq gətirib.
Əsas ziddiyyət bazarların strukturunda və dövlətin biznes və müxtəlif növ enerji resursları istehlakçıları ilə qarşılıqlı əlaqəsinin bu quruluşla bağlı xüsusiyyətlərindən ibarətdir", - deyə Aleksandr Frolov sözünə davam edib.
"Məsələn, Rusiyada son istehlakçılar üçün qazın qiyməti subsidiyalaşdırılır və tənzimlənir. Bu, qonşularımızdan apriori daha aşağıdır", - deyə o bildirib.
Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti Stanislav Mitraxoviç "Sputnik"in müxbirinə bildirib ki, ümumi bazar onun iştirakçılarına bütün Aİİ ölkələrinin ərazisində eyni qaydalar çərçivəsində oynamaq imkanı verməlidir, lakin bununla bağlı hələ də müəyyən çətinliklər var.
"Məsələn, Belarus ərazisində Rusiyanın "Qazprom" şirkəti qazı istədiyi şəxsə birbaşa sata bilməz. Belarus hökumətinə məxsus vasitəçi vasitəsilə qazın satışı sistemi bazarların hələ kifayət qədər inteqrasiya olunmamasının bariz nümunəsidir", - deyə o, izah edib.
Ekspert əlavə edib ki, nəqliyyat imkanlarından istifadə məsələsi də meydana gələcək.
"Deyək ki, Qazaxıstan Rusiyanın imkanlarından istifadə edərək birbaşa Avropaya nəsə verə bilərmi ki, Rusiyanın bu məsələdə qazax şirkətlərindən imtina etmək imkanı olmasın. Bu da hələ başlanğıc mərhələsindədir", - deyə o qeyd edib.
Bundan əlavə, sual yaranır ki, Rusiya şirkətləri Qazaxıstana qazı hansı qiymətə sata biləcəklər.
"Bu qiymətlər daxili Rusiya bazarına qaz tədarükündən yüksək ola bilərmi? Biz ümumi bazara doğru irəlilədikcə bu cür süjet çox güman ki, hələ müzakirə olunacaq", - deyə Stanislav Mitraxoviç ehtimal edib.
O, əlavə edib ki, vergi və mülki qanunvericiliklərinə də düzəlişlər etmək lazım ola bilər.
Maneələrin aradan qaldırılması
Sankt-Peterburqda imzalanmış bəyannaməyə əsasən, 2030-cu ilə qədər Aİİ-nin daxili bazarında malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinə maneələrin tamamilə aradan qaldırılması planlaşdırılır.
"Hal-hazırda reyestrdə 34 maneə var, onlardan 18-nin 2025-ci ilə qədər aradan qaldırılması planlaşdırılır", - deyə Nikolay Petrov izah edib.
"Aİİ-də maneələrin aradan qaldırılması üzrə işlər uzun müddətdir ki, davam edir və assosiasiya üzvləri çox şeyə nail ola biliblər. Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2022-2023-cü illərdə ümumilikdə 15 maneəni, 10 əngəl əlamətləri olan maneəni, 3 məhdudiyyəti və 2 ələ keçirməni aradan qaldırmaq mümkün olub", - deyə ekspert dəqiqləşdirib.
Aİİ liderlərinin görüşü
Bununla belə, o hesab edir ki, maneələrin tədricən aradan qaldırılmasına baxmayaraq, onların sayı yaxın gələcəkdə arta bilər.
"Mənim proqnozum inteqrasiyanın artması ilə bağlıdır ki, bu da Aİİ üzvlərinin hər birinin milli maraqlarının həllində yeni problemlərin yaranmasına gətirib çıxaracaq", - deyə Nikolay Petrov bildirib.
Onun sözlərinə görə, maneələrin uğurla aradan qaldırılması üzv dövlətlərin ticarət maneələrini aradan qaldırmaq və standartlaşdırma, sertifikatlaşdırma və sənədlərin qarşılıqlı tanınması kimi sahələrdə əməkdaşlığı təşviq etmək öhdəliyindən asılı olacaq.
Makroregion lideri
Sənəddə bildirilib ki, Aİİ ölkələrinin liderləri 2045-ci ilə qədər Ittifaqın özünü təmin edən, ahəngdar inkişaf etmiş və dünyanın bütün ölkələri üçün cəlbedici, iqtisadi-texnoloji və intellektual liderliyə malik və üzv dövlətlərin əhalisinin yüksək rifah səviyyəsini dəstəkləyən makro regiona çevrilməsinə nail olmaq niyyətindirlər.
"Aİİ-yə üzv dövlətlər zəngin təbii ehtiyatlar və müxtəlif sənaye bazası da daxil olmaqla əhəmiyyətli iqtisadi potensiala malikdirlər", - deyə Nikolay Petrov qeyd edib.
Onun sözlərinə görə, üzv dövlətlər arasında iqtisadi inteqrasiya və əməkdaşlıq qlobal miqyasda özünü təmin etmək və iqtisadi liderliyə nail olmaq üçün bu potensialdan istifadə etməkdən ötrü mühüm əhəmiyyət kəsb edəcək.
"Regionun ahəngdar inkişafı, iqtisadiyyatın modernləşdirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsi qeyri-bərabərlik problemini həll etməli, sosial inteqrasiyanı təşviq etməli və həyat səviyyəsini yüksəltməlidir", - deyə ekspert bildirib.
Onun fikrincə, bəyannamədə göstərilən məqsədlərə nail olmaq üçün Aİİ dövlətləri bir sıra problemləri həll etməlidirlər: bunlar hələ də mövcud olan ticarət maneələri, harmonizasiyaya ehtiyacı olan tənzimləyici baza və infrastrukturun inkişaf etdirilməsi zərurətidir.
"Bundan əlavə, transformasiyanın uğuruna Aİİ üzv dövlətlərinin siyasətləri koordinasiya etmək və siyasi fikir ayrılıqlarını aradan qaldırmaq qabiliyyəti təsir edəcək", - deyə o, sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.