BAKI, 2 yanvar — Sputnik. 10 ildən sonra Mercedes və BMW-nin "tarixə çevrilə bilər".
Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin bu barədə "Ekspert" jurnalına müsahibəsində bildirib.
Oreşkinin sözlərinə görə, Çin avtomobil sənayesi hazırda dünya bazarını "zəbt edir" və artıq avtomobillərin bir nömrəli ixracatçısına çevrilib.
"On ildən sonra "Mercedes" və "BMW" kimi şirkətlər tarixə düşsə, təəccüblənmərəm. Brend olaraq qalacaqlar, lakin Çinə satılan "Volvo"nun taleyini yaşayacaqlar. Başqa sözlə, onlar faktiki olaraq Avropa avtomobilləri olmayacaqlar".
Prezidentin köməkçisi əlavə edib ki, Avropa istehsalçıları həm satış bazarlarını, həm də, təxminən 5-10 il əvvəl əldə etdikləri texnologiya üstünlüyünü artıq itiriblər.
Dekabrın 26-da "Ekspert" jurnalının yeni formatda ilk nömrəsi işıq üzü görüb. Öz konsepsiyasını saxlayaraq iqtisadiyyatda, sosial siyasətdə və biznesin dövlət tənzimlənməsində mövcud tendensiyalardan bəhs edən nəşr hər ay dərc olunacaq. Qeyd edək ki, "Ekspert" 1995-ci ildən nəşr olunur.
Daha əvvəl Oreşkin bildirib ki, Rusiya Avropanın ən böyük iqtisadiyyatına çevrilib. Onun sözlərinə görə, ölkə artıq dünyada dördüncü yer uğrunda yarışda Yaponiyaya çatmaq üzrədir.