BAKI, 1 yanvar — Sputnik. Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il müddətinə - 2025-ci il yanvarın 1-dək uzadılıb. Əvvəl bu müddət 2024-cü il yanvarın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarət) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb.
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.
"Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir", - deyə o qeyd edib.
Deputat bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".
Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Yoxlama zamanı sahibkarın özünün orada olması vacib deyil
Əlavə edək ki, cari ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna mühüm dəyişikliklər edilib. Belə ki, qanuna yoxlayıcı orqanın və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni fəsil əlavə olunub. Məsələn, əvvəllər sahibkarın iştirakı olmadan yoxlama aparılmırdı. Amma bəzi hallarda sahibkar obyektiv səbəbdən yoxlamada iştirak edə bilmirdi, xaricdə səfərdə olurdu və s. Nəticədə yoxlama aparılmasında çətinlik olurdu. Bəzi hallarda hətta yoxlamaya mane olduqlarına və yoxlamada iştirak etmədikərinə görə sahibkarlar cərimə olunurdular. Amma yeni dəyişikliyə əsasən sahibkarın səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlama aparıla bilər, yəni yoxlamada sahibkarın özünün olması artıq vacib deyil.