PAYTAXT XƏBƏRLƏRİ

Restoranların fantastik yeni il qiymətləri: Bir nəfər üçün 700 manat?

Restoranlardan qiymətlərin də baha olmasını məhz şou-proqramlara xərclənən vəsaitin çox olması ilə əlaqələndirirlər.
Sputnik
BAKI, 1 yanvar — Sputnik. Yeni ili yaddaqalan keçirmək hər kəsin arzusu olsa da, bu il paytaxt restoranlarında qiymətlər, deyəsən, çox adama bu arzusunu həyata keçirməyə imkan verməyib. Sputnik Azərbaycan yeni il gecəsi paytaxt restoranlarında bu bayramı qeyd etməyin neçəyə başa gəldiyini araşdırıb.
Qiymətlərə keçməzdən öncə qeyd edək ki, bu il restoranların əksəriyyəti bayram gecəsi üçün şou proqram hazırlayıb. Elə qiymətlərin də baha olmasını məhz şou-proqramlara xərclənən vəsaitin çox olması ilə əlaqələndirirlər.
Yeni il gecəsi üçün yerlərin çoxu satılıb
Əlaqə saxladığımız restoranların əksəriyyətindən bildirdilər ki, yeni il gecəsi üçün boş yer qalmayıb. "Baku Castle" restoranından bildirdilər ki, şou proqramın təşkil olunduğu zalda boş yer artıq yoxdur. Adambaşına 120 manata olan biletlər çoxdan satılıb.
"Museum İnn" restoranda da yeni il gecəsinə bir nəfər üçün 500-700 manatlıq yerlər satılıb. Yalnız qiyməti 350 manata olan bir masa boş qalıb ki, o da şou proqramı izləmək üçün əlverişli yerdə deyil.
"Lido" restoranında isə qiymət 100 manat olsa da, artıq bütün biletlər satılıb.
"Nar & Şərab" restoranında isə şou proqram olacaq zala bilet almaq üçün adam sayı minimum dörd nəfər olmalıdır. Bu retsorandakı "kristal" zalında adambaşına qiymət 250, digər, adi zalda isə 160 manatdır.
Yeni il süfrəsi
Restoranların fantastik yeni il qiymətləri
"Hill" restoranında da yeni il gecəsi bir nəfər üçün qiymət 250 manatdır.
"Glass" restoranında isə adambaşına bir nəfərlik yer 300 manatadır.
Qeyd edək ki, restoranlarda bu qiymətlərə şou proqram və yeni il menyusu daxildir.
"Plov" restoranda qiymətlər adambaşına 160 -180 manatdır.
"Çanaqqala" restoranında yeni il gecəsi üçün masaların qiyməti adambaşına 100-120 manatdan başlayır.
"Rivera" restoranda qiymətlər adambaşına yeni il gecəsi üçün 135 manatdan başlayır.
"İzmir" restoranda yeni il gecəsi qiyməti bir nəfər üçün 100 manat təşkil edir.
"Niaqara" restoranında bilet qiymətləri 200 manat təşkil edır.
Yeni ili 20 metr yüksəklikdə yerləşən "Teleqüllə" restoranında qarşılamaq istəyənlər də adambaşına 200 manatlarından keçməlidir. Bu restoranda boş yerlər yalnız 70-ci mərtəbədə qalıb.
Teleqüllə, arxiv
Qiymətləri müğənnilər bahalaşdırıb?
"Altun Saray" restoranında bir nəfərlik bilet qiymətləri 150-200 manat olsa da, biletlər çoxdan satılıb. Restoranın adminstratoru Sputnik Azərbaycan-a bildirdi ki, yeni il gecəsi üçün restoranlarda qiymətlərin bahalaşmasına səbəb şou proqrama çəkilən xərcdir.
Onun sözlərinə görə, bir şou proqramda 10-12 müğənni iştirak edirsə, onların birinin yarım saatlıq çıxışı üçün üç-dörd min manat pul ödənilir. Bu isə ən azı 20 min manat pul deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Bayram bazarlığını haradan etməli: Yarmarkada qiymətlər ucuzdur, ya bazarda?